BANM məzunları
BANM Məzunları
Bakı Ali Neft Məktəbinin Məzunlar Assosiasiyası
Bakı Ali Neft Məktəbinin Məzunlar Assosiasiyası məzunlarla əlaqələrin möhkəmləndirilməsi, onların Ali Məktəbin fəaliyyətinə dəstək verməsi istiqamətində fəaliyyət göstərən ictimai təşkilatdır. Assosiasiya öz fəaliyyətini ölkə daxilində və xaricdə BANM-in nüfuzunu qorumaq, elmi-texniki, sosial-mədəni xarakterli tədbirləri onların iştirakı ilə keçirmək, müxtəlif yönümlü müəssisə və təşkilatları Ali Məktəblə əməkdaşlığa təşviq etmək, onların karyera uğurları haqqında məlumatlar toplayıb təbliğ etmək istiqamətində qurur.
Assosiasiya müxtəlif ölkə və müəssisələrdə çalışan məzunlar vasitəsilə elm, texnika və sənaye sahələrində baş verən yeniliklər, dəyişikliklər haqqında məlumatlar toplayır, təhlillər aparır və tədris planlarında dəyişikliklər edilməsi haqqında BANM-in rəhbərliyinə təkliflər verir.
Qurum tələbə qəbulu ərəfəsində orta məktəblərdə keçirilən tanıtım xarakterli tədbirlərdə məzunların iştirakını təmin edir, dünyanın qabaqcıl universitetlərində məzunlarla iş üzrə həyata keçirilən mütərəqqi yanaşmalar haqqında məlumatları ümumiləşdirərək təkliflər verir.
Assosiasiyanın kollegial idarəetmə orqanı Məzunlar Yığıncağıdır. Məzunlar Yığıncağı ildə bir dəfə BANM-in növbəti məzunlarının buraxılışı ərəfəsində çağırılır. Burada növbəti buraxılışla bağlı məsələlər müzakirə olunur və növbəti il üçün iş planı qəbul edilir. Hər növbəti Yığıncağa qədərki müddətdə Assosiasiyanın fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir. İdarə Heyəti qəbul edilmiş iş planına uyğun tədbirlər həyata keçirir, zəruri hallarda iş planından əlavə ortaya çıxan məsələləri həll edir, üzvlərlə əlaqələri nəzarətdə saxlayır, il ərzində görülmüş işlər haqqında hesabat və Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir. İdarə Heyətinin tərkibi tədris və idarəetməni həyata keçirən struktur bölmələrin təklifləri əsasında BANM-in Elmi Şurasında təsdiq olunur. Elmi Şuranın qərarı ilə bu tərkibdən Assosiasiyanın prezidenti və baş katibi seçilir.
İş dünyası ilə əlaqələr və karyera perspektivləri
Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbinin bir çox beynəlxalq və regional qurumlarla, tanınmış yerli və beynəlxalq şirkətlərlə qurduğu səmərəli əməkdaşlıq onun imkanlarını bir qədər də genişləndirib. Ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlərin bir çoxunun imkanları mütəxəssis hazırlığına cəlb edilib və həmin qurumlar Ali Məktəbdə bir neçə laboratoriyanın qurulması, müasir cihaz və avadanlıqlarla təmin edilməsinə dəstək veriblər. Belə ki, ABB şirkəti İnteqrasiya edilmiş idarəetmə və təhlükəsizlik, Schneider Electric şirkəti Qəza hallarının idarəedilməsi və avtomatlaşdırılması, Emerson process management şirkəti Nəzarət-ölçmə və idarəetmə, HUAWEI şirkəti İKT Akademiyası və laboratoriyalarını, Avandsis Group və Schneider Electric şirkətləri isə avtomatik sistemlərin elementlərini və proqram təminatını Ali Məktəbə hədiyyə ediblər. Bu təminatlar tədris prosesinin elmi tədqiqat və istehsalatla əlaqələndirilməsi baxımından son dərəcə uğurlu olub və məzunların işlə təminatı məsələsində əhəmiyyətli rol oynamaqdadır.
BANM enerji, avtomatika və İKT sahələrində ixtisaslaşmış bir çox aparıcı transmilli və yerli şirkətlərlə, o cümlədən SOCAR, bp, Schlumberger, Halliburton, Baker Hughes, Atenau Ltd”, Schneider Electric, Total, Statoil, Microsoft, Emerson Process Management, ABB, Avandsis Group, E.On şirkətləri, Nəzarət və ölçmə cihazları” MMC, Tükiyədə fəaliyyət göstərən Petkim və Star müəssisələri ilə yaxından əməkdaşlıq edir. İxtisaslı və müasir dövrün tələblərinə cavab verən mütəxəssis axtarışında olan bu müəssisələr üçün BANM tələbə və məzunları potensial kadr mənbəyi kimi tanınır.
Tələbələrin xüsusi kurikulum sistemi ilə təhsil almaları, yerli və beynəlxalq şirkətlərin təcrübə proqramlarında iştirak etmək fürsətləri, müntəzəm olaraq beynəlxalq şirkətlərin rəhbər işçiləri və aparıcı mütəxəssisləri tərəfindən təlim kursları və seminarlara qatılmaları onların ali məktəb illərindən mütəxəssis kimi yetişməsini şərtləndirir. Tələbələr liderlik, ünsiyyətqurma, prezentasiya, layihələrin, risklərin idarəolunması, vaxta nəzarət və s. kimi bilik və bacarıqlara yiyələnir və bu keyfiyyətlər onların gələcəkdə nəinki texniki heyətdə, həmçinin yüksək administrativ vəzifələrdə yer tutmaları istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Ali Məktəbdə təhsilini uğurla başa vurmuş tələbələrin istər Azərbaycan, istərsə də dünyanın istənilən regionunda öz arzularında canlandırdıqları karyeraya yüksəlişi üçün hərtərəfli imkanlar mövcuddur.