Kampus həyatı

Kampus

Bakı Ali Neft Məktəbinin kampusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 1 may 2017-сi il tarixində açılıb.

Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusları, kitabxana kompleksi, kütləvi tədbirlər üçün konqres binası, senat zalı, idarəetmə heyəti binası, kafeteriya, ən müasir tələblərə cavab verən qapalı idman zalları, qapalı üzgüçülük hovuzu, açıq tennis, voleybol, basketbol meydançaları, fitnes mərkəzi, 1000 yerlik stadion və 500 nəfərlik Tələbə evindən ibarət nəhəng kompleksdir.Kampusdakı 600 yerlik konqres binası kütləvi-mədəni tədbirlərin yüksək səviyyədə təşkili üçün modern tələblərə cavab verən infrastruktura malikdir. Əsas korpusdakı tədris binasında istismara verilən mühazirə zalları və məşğələ otaqları ən müasir avadanlıqla, o cümlədən multimedia vasitələri ilə təchiz olunub.

Təhsil ocağının kitabxanasında 100 nəfərlik oxu və dövri mətbuat zalı, kompüter zalları, təlim otaqları və elektron kitab verilişi zonası yaradılıb.

Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin bir çoxunun imkanları mütəxəssis hazırlığına cəlb edilib. Belə ki, SOCAR, bp, Schlumberger, Halliburton, Baker Hughes, Atenau Ltd, Schneider Electric, Total, Statoil, Microsoft, Emerson Process Management, ABB, Avandsis Group, Maire Tecnimont şirkətləri, Nəzarət və ölçmə cihazları MMC, Türkiyədə fəaliyyət göstərən Petkim və STAR müəssisələri və s. Ali Məktəbi proqram təminatı və laboratoriyalarla təmin edib. 

 

Tələbə evi

Ali Məktəbin Tələbə evi 500 nəfərlik bir kompleksdir. Tələbə evində 2, 3 və 4 nəfərlik otaqlar yüksək səviyyəli şəraitə malikdir, mərtəbələrdə camaşırxanalar və mətbəxlər fəaliyyət göstərir. Kompleks yüksək iaşə xidməti göstərmək üçün zəruri infrastruktura və işçi heyətinə malik yeməkxana və ən müasir tələblərə cavab verən idman infrastrukturunu birləşdirir.

Tələbə evində yerli və əcnəbi tələbələr yaşayırlar. 

Yataqxana qaydaları

 

 

İdman infrastrukturu

İdman və bədən tərbiyəsi sağlamlıq, gümrahlıq və sosiallıq mənbəyidir. Bakı Ali Neft Məktəbi tələbələrin fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili, müxtəlif idman növlərinin sirlərinə yiyələnmələri istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir, bunları daim diqqətdə saxlayır. Futbol, Voleybol, Basketbol, Tennis, Şahmat, Üzgüçülük klubları bu baxımdan xüsusi fəallığı ilə seçilir.

Ali Məktəb tələbələrin idman bacarıqlarını inkişaf etdirmək üçün lazımi şərait yaratmış, idman infrastrukturunu müasir avadanlıqlarla təchiz etmişdir. Ali Məktəbin Kampusunda ən müasir tələblərə cavab verən qapalı 2 idman zalı, üzgüçülük hovuzu, açıq tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları, fitnes mərkəzi 1000 tamaşaçı tutumuna malik Avropa standartlarına uyğun futbol meydançası fəaliyyət göstərir.