Magistratura

Ümumi məlumat

 BANM-ın Biznesin İdarə Olunması üzrə Tədris Mərkəzinin (MBA) əsas məqsədi yüksək ixtisaslı və beynəlxalq səviyyəli idarəçilər yetişdirməkdir. 

MBA – Biznesin idarə olunması proqramı əsas və seçmə fənlər əsasında tərtib edilmişdir. Tədris ölkənin tanınmış idarəçiləri və müxtəlif şirkətlərin menecerləri tərəfindən həyata keçirilir. MBA ixtisası üzrə tədris həm azərbaycan, həm də ingilis dilləri üzrə aparılır. Proqram çərçivəsində tədris edilən əsas fənlərə kapital qoyuluşu və maliyyə strategiyaları, idarəetmə və təşkilati davranış, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, strateji idarəetmə, maliyyənin idarə olunması, insan resurslarının idarə olunması, menecerlər üçün mühasibat və s. daxildir. Bu fənlərdən əlavə proqrama tələbələrin müxtəlif sahələrdə biliklərini genişləndirməsi üçün öz maraqlarına uyğun seçmə fənlər də daxildir ki, bunlar da beynəlxalq idarəetmə, biznes münasibəti, risklərin idarə olunması, bazarın öyrənilməsi və beynəlxalq biznes və digər bu kimi fənləri əhatə edir.

MBA proqramı üzrə tədris 90 və 120 kreditlik təhsil proqramı üzrə aparılır. 120 kreditlik təhsil proqramı üzrə təhsil alan tələbələr tədrisin son ilində akademik tədqiqat bacarıqlarının artırılması məqsədilə elmi-tədqiqat təcrübəsi keçirlər və magistratura dissertasiyası təqdim edirlər.

Biznesin İdarə edilməsi üzrə magistratura proqramı ən son dünya standartlarına uyğun hazırlanmış innovativ və rəqabətcil bir tədris proqramı olaraq tələbələrə biznes və idarəetmənin müxtəlif sahələrini dərindən mənimsəmək, həm nəzəri, həm də praktiki biliklər əldə etmək imkanı yaradır.

Proqramın təlim nəticələri 

·  İdarəetmə, maliyyə, mühasibatlıq, marketinq, iqtisadiyyat, əməliyyatlar, təchizat zənciri, statistika və rəqəmsal texnologiyalardan əldə edilmiş qabaqcıl bilikləri tətbiq edərək mürəkkəb təşkilati problemləri diaqnoz etmək və yenilikçi, sübutlara əsaslanan həllər hazırlamaq.

·  Maliyyə, bazar, əməliyyat və beynəlxalq biznes məlumatlarını təhlil edərək, dinamik və qeyri-müəyyən biznes mühitlərində strateji qərarları dəstəkləmək üçün tənqidi qiymətləndirmələr aparmaq.

·  Rəqabətçi kəşfiyyat, dəyər zənciri təhlili, korporativ qiymətləndirmə və yenilik alətlərindən istifadə edərək biznes, maliyyə və strateji planları inkişaf etdirmək, əsaslandırmaq və qiymətləndirmək, təşkilatın məqsədləri ilə uyğunlaşdırmaq.

·  Effektivlik, dayanıqlılıq və uzunmüddətli rəqabət qabiliyyətini artırmaq üçün təşkilati prosesləri, əməliyyatları, layihələri və rəqəmsal transformasiya təşəbbüslərini planlaşdırmaq, idarə etmək və təkmilləşdirmək.

·  CSR, ESG, korporativ idarəetmə və davamlılıq prinsiplərini strateji və əməliyyat kontekstlərinə inteqrasiya edərək etik, məsuliyyətli və riskə qarşı həssas qərarlar qəbul etmək və müdafiə etmək.

·  Müxtəlif komandaları idarə etmək, motivasiya etmək və koordinasiya etmək üçün qabaqcıl liderlik modelləri, dəyişiklik idarəetmə yanaşmaları və danışıqlar strategiyalarını çoxmədəniyyətli və mürəkkəb təşkilati mühitlərdə tətbiq etmək.

·  Uzunmüddətli dəyər yaradılmasını və strateji maliyyə planlaşdırılmasını dəstəkləmək üçün qabaqcıl korporativ maliyyə, risk idarəetməsi və beynəlxalq maliyyə texnikalarını tətbiq etmək və nümayiş etdirmək.

·  Uğurlu və davamlı nəticələr əldə etmək üçün yerli və beynəlxalq layihə mühitlərində layihə və proqram idarəetməsini tətbiq etmək və qiymətləndirmək.

·  Transformasiyanı idarə etmək, yeniliyi təşviq etmək və davamlı təşkilati inkişafı dəstəkləmək üçün idarəetmə üslublarını və təşkilati inkişaf alətlərini tətbiq etmək və qiymətləndirmək.

Tədris sahələri

BANM-in MBA Mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək ixtisaslı menecerlər yetişdirməkdir. 2025–2026-cı tədris ilindən etibarən BANM-də MBA proqramı həm Azərbaycan, həm də ingilis bölmələrində həyata keçiriləcəkdir.

Azərbaycan bölməsi üzrə MBA proqramı aşağıdakı ixtisaslaşmalar üzrə tədris olunacaq:

• Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması)

• Biznesin təşkili və idarə edilməsi (maliyyə)

• Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə olunması)

• Biznesin təşkili və idarə edilməsi (ümumi idarəetmə)

 

İngilis bölməsi üzrə MBA proqramı isə aşağıdakı ixtisaslaşmalar üzrə tədris olunacaq:

• Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması)

• Biznesin təşkili və idarə edilməsi (maliyyə)

 

BANM-da MBA təhsilinin üstünlükləri

 

  • BANM-də MBA Proqramının üstünlükləri

Bu proqramda tələbələr idarəetmə və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edəcəklər.

Bakı Ali Neft Məktəbi bu bilik və bacarıqların qazanılmasında sizə öz qapılarını açır. BANM digər proqramlarda qazandığı uğurları eyni zamanda MBA proqramında da tətbiq edir. Kurslarımız olduqca praktik və əhatəlidir. MBA proqramını tədris edən şəxslər isə  SOCAR və digər bu kimi iri transmilli şirkətlərdə çalışan rəhbər vəzifəli şəxsləridir.

 

  • Rəqabətədavamlı karyera imkanları

BANM-in karyera mərkəzi tələbə və məzunları dünyanın sürətlə inkişaf edən transmilli şirkətləri ilə əlaqələndirir. Eyni zamanda bu proqramda təhsilini tamamlamış tələbələr Beynəlxalq MBA dərəcəsinə tam yiyələnəcəklər. Tədris proqramına Strateji İdarəetmə, Marketinq, Statistika, İnvestisiya və digər fənlər daxildir. Bu akademik və praktiki bilikləri əldə edən şəxslər məşğul olduqları və ya artıq sahib olduqları biznesi daha da inkişaf etdirə biləcəklər.

 

  • Əlverişli (münasib) dərs qrafiki

Bakı Ali Neft Məktəbinin MBA proqramına müraciət edənlərin əksəriyyətinin müxtəlif sahələrdə çalışdıqlarını nəzərə alaraq, dərslərin həftədə 3 dəfə olmaqla, axşam saatlarında təşkil edilməsi planlaşdırılır.

 

  • Akademik mükəmməllik

MBA proqramı tələbələrə zəngin innovativ və praktiki biliklər vəd edir. Belə ki kurikulum və dərs vəsaitləri dünyaca tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin ediləcəklər.

 

  • Azərbaycanın ən qabaqcıl universitetində təhsil almaq imkanı

BANM məzunların işlə təmin olunmasına görə ölkə birincisidir. Belə ki ali məktəbi bitirən məzunların böyük əksəriyyəti işlə təmin  olunub. Bu uğur zəngin akademik və inzibati heyətin səyi nəticəsində ərsəyə gəlib. BANM eyni nüfuzu MBA proqramı vasitəsi ilə daha da genişləndirmək niyyətindədir.

 

  • Geniş professional biznes əlaqələri (networking imkanları)

MBA proqramını seçən tələbələr Ali Neft Məktəbinin dünyanın tanınmış transmilli şirkətlərində çalışan məzun və müəllim şəbəkəsinə qoşulmaqla biznes əlaqələrini genişləndirmək imkanı əldə edirlər.

 

  • Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər almaq imkanı

Azərbaycanın və eləcə də, dünyanın öndə gedən qurumlarının (SOCAR, BP, dövlət təşkilatları və s.) tanınmış mütəxəssisləri və rəhbər vəzifəli şəxsləri BANM-in MBA tələbələrinə dərs demək üçün dəvət ediliblər. Bununla tələbələr yalnız nəzəri deyil, eyni zamanda real təcrübələr haqqında biliklərə də yiyələnirlər.

 

  • Yüksək texnoloji laboratoriyalarla təchiz olunmuş möhtəşəm kampus

MBA tələbələri BANM-in yeni və ən son standartlara cavab verən kampusunda yerləşən geniş şəraitdən istifadə etmək imkanı əldə edirlər. Buraya zəngin kitabxana, yüksək texnoloji laboratoriyalar, idman zalları, üzgüçülük hovuzları, oyun meydançaları və digər imkanlar daxildir.