Bakalavriat
Ümumi məlumat
Proseslərin avtomatlaşdırılması hazırda dünyada istehsalın əsas istiqamətlərindən biridir. Əvvəllər insan tərəfindən həyata keçirilən fiziki əməliyyat və intellektual funksiyalar tədricən prosesləri avtomatik həyata keçirən və onlara nəzarət edən texnologiyalara keçdi. Bir çox sahələrdə insanın rolu yalnız avtomatik idarəetmə qurğularına nəzarətdən ibarətdir.
Proseslərin avtomatlaşdırılması əmək məhsuldarlığını və təhlükəsizliyini dəfələrlə artırmağa, ekoloji məsələləri həll etməyə, məhsulların keyfiyyətini yaxşılaşdırmağa və insan potensialından daha səmərəli istifadə etməyə imkan verir. Avtomatlaşdırma və idarəetmə obyektlərinə sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, ticarət, tibb və s. texnoloji proseslər daxildir. İkinci Qarabağ Vətən Müharibəsi dronların və digər silahların idarəedilməsi işində avtomatikanın əvəzolunmaz rolunu bir daha göstərdi.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə tədris prosesinə 2013-cü ildə başlanılıb. Proseslərin avtotamlaşdırılması mühəndisliyi ixtisasının bakalavr hazırlığının tədris proqramı Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin tədris proqramı əsasında hazırlanıb.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə magistratura pilləsinə ilk qəbul 2017-ci, dokrorantura pilləsinə isə 2020-ci ildə aparılıb.
Student GuidelineQazanılan nəticə
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının məzunları həm yerli, həm də xarici şirkətlərdə işlə təmin olunurlar. Bunların içərisində sənaye məhsullarını və avtomatlaşdırma sistemlərini yaradan və istifadə edən çoxsaylı şirkətlər var: SOCAR, BP, ABB, Emerson Process Management, Avandsis Group, Schneider Electric, Socar KBR, BP Exploration, Wood Group, NÖC&A və s.
Bundan əlavə, təhsilini başa vurmuş tələbələr istehsal proseslərinin avtomatlaşdırılması üçün istifadə olunan metod və vasitələrin layihələndirilməsi, yaradılması və istismarı, avtomatlaşdırılmış sistemlərin idarəedilməsi mühəndisliyi, CAD sistemlərin konstruktoru, istehsal proseslərinin mexanikləşdirməsi və optimallaşdırılması mühəndisliyi, proqramçı və s. kimi vəzifələrdə çalışa, həmçinin bina və fərdi evlərin avtomatlaşdırılması kimi qeyri-sənaye sektorunda da işləyə bilərlər.
Laboratoriyalar
Kafedrada yaradılan müasir laboratoriyalar təyinatına görə bölünüb. Tələbələr təhsil müddətində kafedranın nəzdində olan laboratoriyalarda təcrübələr edərək nəzəri biliklərini tətbiq edir, avtomatikanın və informasiya təhlükəsizliyinın əsas prinsiplərini praktiki olaraq mənimsəyirlər.
Tələbələr kafedra nəzdindəki kompüterləşdirilmiş auditoriyalarda xüsusi proqramlar vasitəsi ilə real prosesləri modelləşdirib simulyasiya edirlər.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının nəzdində on tədris laboratoriyası və bir Tədqiqat Mərkəzi fəaliyyət göstərir.
Proseslərin idarə edilməsi laboratoriyası EMERSON şirkəti tərəfindən hədiyyə olunub və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri burada nəzarət-ölçü cihazları, nasoslar, idarəetmə sistemləri ilə yaxından tanış olur, kiçik prosesləri dizayn və idarə edir, üstəlik naqilsiz idarəetmə ilə prosesi nəzarətdə saxlayırlar.
Almaniyanın LUCAS-NUELLE şirkətinin avadanlıqları ilə təchiz olunmuş Elektrik güc və maşınları laboratoriyasında tələbələr Elektrik maşınlar, Elektromexaniki qurğular, Ağıllı evlər fənlərinə aid işlər aparırlar.
Mikrokontrollerlər laboratoriyası EasyPIC v7 adlı avadanlığı əlavə proqram təminatına ehtiyac olmadan PIC Microcontroller texnologiyasını, Basic, Pascal və ya C proqramlaşdırma dillərini, mikrosistemləri özündə cəmləşdirir. Bu laboratoriya Mikroprosessorlar fənni ilə bağlı işlərdə istifadə olunur. Həmin otaqda maşın və qurğuların idarə edilməsində tətbiq olunan SİEMENS şirkətinin SIMATIC S7-300 universal proqramlaşdırılabilən kontrollerlər yerləşir. Tələbələr Proqramlaşdırılabilən məntiqi kontrollerlər fənni laboratoriyasında həmin cihazın köməkliyi ilə kontrollerin işləmə prinsiplərini, proqramlaşdırma dillərini öyrənib, tapşırıqları müstəqil şəkildə yerinə yetirirlər. Bu laboratoriya, eyni zamanda Sənaye kompüter şəbəkələri fənninin tədrisində də istifadə edilir. COM3LAB avadanlığının köməyi ilə tələbələr sənaye kompüter şəbəkələri, şəbəkə modelləri, protokolları öyrənirlər.
Texnoloji proseslərin avtomatlaşdırılması fənni praktiki kontroller ilə təchiz olunmuş və Proseslərin idarə edilməsi və avtomatlaşdırılması laboratoriyasında keçirilir. Tələbələr sahə cihazları ilə ölçmələr aparır, müəyyən proseslərin idarəsini TRİCONEX məhsulu olan TRİSATİON proqram təminatı vasitəsi ilə həyata keçirirlər.
Müasir SCADA sistemlərinin əsas prinsipləri, SCADA aparat təminatı, SCADA sistemlərinin proqram təminatı və protokolları, prosesə nəzarət və məlumatların əldə edilməsi üçün müasir yanaşmalar, metodlar və digər xüsusiyyətlərin öyrədildiyi laboratoriya otağı ABB şirkəti tərəfindən təchiz olunmuşdur. Tələbələr Supervayzerli idarəetmə və verilənlərin toplanması fənnində 800xA Distributed Kontrol sistemi vasitəsilə SCADA sistemləri haqqında məlumat əldə edir, nəzarət-ölçü cihazları ilə tanış olurlar.
Elektrik texnikası və ölçmələr laboratoriyası Elektrik mühəndisliyi, Elektrik ölçmələri, Elektrik materialları və qurğuları, Rəqəmli elektronika, Analoq elektronika kimi fənlərin tədrisi üçün istifadə edilir. Laboratoriya otağında olan çoxfunksiyalı üç fazalı enerji təchizatı, plug-in sistemi, ossiloskoplar, multimetrlər və digər avadanlıqlar LUCAS-NUELLE şirkətinin məhsuludur və laboratoriya ELOTRAIN kursları çərçivəsində hazırlanıb. Tələbələr müəllim təlimatı ilə laboratoriya tapşırıqlarını yerinə yetirirlər, plug-in komponentləri ilə elektrik dövrələri qurur, onları çoxfunksiyalı elektrik təchizatı vasitəsilə təmin edir, ölçmələr aparır və nəticəni ossiloskop vasitəsilə müşahidə edirlər.
Robototexnika Mərkəzi bütün kurs tələbələri tərəfindən istifadə edilir. Bu mərkəzdə tələbələr müstəqil şəkildə startap layihələrə, robot və dron olimpiadalarına, digər yarışmalara hazırlaşırlar. Yuxarı kurs tələbələri və magistrlər mərkəzdə mövcud olan avadanlıqlardan istifadə edərək elmi-tədqiqat işləri aparırlar.
Təcrübə və iş imkanları
Tələbələri real iş şəraitinə hazırlamaq, istehsalatda istifadə olunan avadanlıqlarla tanış etmək məqsədilə II-IV kursda istehsalat təcrübəsi keçirilir.
Dörd il ərzində istehsalat təcrübələrindən sonra Buraxılış işlərinin hazırlanması və dissertasiyalar üçün materialların toplanması məqsədilə 5-ci kurs tələbələri və 2-ci kurs magistrlər 10 həftəlik tədqiqat təcrübəsinə göndərilir. Bu təcrübə onların elmi-tədqiqat potensialını artırmaqla gələcək karyeralarını qurmalarında böyük rol oynayır.
Ali Məktəbin qaydalarına müvafiq olaraq tədris proqramları çərçivəsində tələbələr yay istehsalat təcrübəsi zamanı avtomatika və neft-qaz sənayesi üzrə fəaliyyət göstərən müxtəlif müəssisələrə göndərilir, müxtəlif prosesləri həyata keçirən qurğuların işi, orada gedən proseslər, texnoloji parametrlər, idarəetmə sistemləri, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydalarını öyrənirlər.