Magistratura
ÜMUMİ MƏLUMAT
Bakı Ali Neft Məktəbində 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə birgə hazırlanmış tədris proqramı əsasında magistratura səviyyəsi "Neft kimyası" ixtisaslaşmasına tələbə qəbulu həyata keçirilir. Təhsil proqramı neft-kimya sahəsində müasir tələblərə uyğun olaraq hazırlanmış və gələcək mütəxəssislərin yüksək elmi bilik və praktiki bacarıqlara yiyələnməsini təmin etmək məqsədi daşıyır.
Proqram çərçivəsində tələbələr neft məhsullarının emalı, neft və qazın kompleks istifadə texnologiyaları, ekoloji problemlərin həlli, nanomaterialların tətbiqi, həmçinin neft məhsullarının alınmasında istifadə olunan qabaqcıl termiki proseslər, konservasiya mayeləri və korroziyaya qarşı inhibitorların tətbiqi sahəsində geniş biliklər qazanırlar. Magistrlərə tədris prosesi zamanı beynəlxalq standartlara uyğun laboratoriyalarda praktiki təcrübələr keçmək imkanı yaradılır.
"Neft Kimyası" magistr proqramı, gələcək neft-kimya mütəxəssislərinə geniş perspektivlər açır və onları yerli və beynəlxalq əmək bazarına hazırlayır. Tədris planı, tələbələrin nəzəri biliklərlə yanaşı, elmi tədqiqatlar və təcrübə əsaslı yanaşmalar vasitəsilə dərin praktik hazırlıq keçmələrinə yönəlmişdir. Bu, onları neft və qaz sənayesində mövcud problemlərin həlli və innovativ texnologiyaların tətbiqi üçün hazırlıqlı mütəxəssislər kimi yetişdirir.
PROQRAMIN ƏSAS MƏQSƏDLƏRİ
- Müasir çağırışlara uyğun mütəxəssislər hazırlamaq: Proqram neft və qaz sənayesindəki yeniliklər və texnologiyalar əsasında tərtib olunmuşdur.
- Elmi-tədqiqat yönümlü inkişaf: Tələbələrin müasir elmi problemlərin həlli üzrə bacarıqlarını inkişaf etdirmək və onları elmi araşdırmalar aparmağa təşviq etmək.
- Sənayenin gələcək ehtiyaclarına cavab vermək: Proqram neftin və qazın kompleks emalı, ekoloji problemlərin həlli, həmçinin məhsuldarlığın artırılması sahəsində peşəkar kadrlar hazırlayır.
TƏLƏBƏLƏRİN İMKANLARI
BANM-in "Neft kimyası" magistr proqramı, tələbələrə beynəlxalq səviyyədə rəqabət aparmaq üçün geniş imkanlar təqdim edir. Proqramın məzunları, neft və qaz sənayesində geniş perspektivlərə malik olmaqla yanaşı, mühəndislik sahəsində innovativ həllər təqdim edə bilən mütəxəssis kimi yetişirlər. Eyni zamanda, tələbələr akademik karyera qurmaq və ya sənayedə qabaqcıl tədqiqatlar aparmaq üçün zəruri bilik və bacarıqlara yiyələnirlər. Bu proqram neft və qaz sənayesinin müasir çağırışlarını həll etmək, innovasiyaların tətbiqini təşviq etmək və yeni nəsl mütəxəssislərin yetişdirilməsinə töhfə vermək məqsədilə yaradılmışdır.