Bakalavriat

Ümumi məlumat

Kompüter mühəndisliyi proqram təminatının hazırlanması, kompüter və onunla əlaqəli cihazların layihələndirilməsi, istehsalı, tətbiqi və nəzarət edilməsi ilə bağlı olan mühəndislik sahəsidir. Kompüter mühəndisliyi elektron mühitdə informasiyanın yadda saxlanmasını, bu informasiyanın alqoritmik üsullarla işlənməsini və işlənən informasiyanı istifadəçiyə çatdırmağı təmin edən bütün texniki və proqram vasitələrini özündə birləşdirən elm sahəsidir. Kompüter mühəndisliyi iki hissədən ibarətdir: proqram təminatının mühəndisliyi və aparat mühəndisliyi. Proqram təminatının mühəndisliyi sistem və tətbiqi proqram təminatlarının yaradılması, onların optimizasiyası, sınaqdan keçirilməsi, simulyasiyası və istehsalda işlədilməsini tədqiq edir.Aparat mühəndisliyi isə rəqəmsal aparat təminatlarından və elektronik komponentərdən ibarət olan məntiqli sistemlərin arxitekturasının qurulması, onların yığdırılması, proqramlaşdırılması, sınaq və simulyasiya proseslərinin aparılmasını tədqiq edir.

Bakı Ali Neft Məktəbində Kompüter mühəndisliyi ixtisası 2021-ci ildə açılıb. Yeni ixtisasın tədris proqramı Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının professor/müəllim heyəti tərəfindən hazırlanıb. 2021/2022-ci tədris ilində ilk 50 nəfərlik tələbə qəbulu həyata keçirilib. Tədris 5 illikdir.

Qazanılan nəticə

  • Kompüter mühəndisliyi ixtisasının tələbələri 1-ci ildə ingilis dili və informasiya-kommunikasiya texnologiyalarını, Python proqramlaşdırma dilini öyrənirlər.
  • Növbəti 4 il ərzində onlara Proqramlaşdırma dili, Verilənlərin strukturu və alqoritmlər, Xətti cəbr, Əməliyyat sistemləri, Qraf alqoritmləri, Kompüter şəbəkələri, Elektronika, Süni intellekt, Verilənlər bazaları, Kompüter qrafikası, Siqnallar və sistemlər, Rəqəmli dövrələr, Kompüter arxitekturası, Sistem proqramlaşdırması, Veb və mobil proqramlaşdırma,  Software mühəndisliyi, Mikroprosessorlar və mikrokontrollerlər, Devops, Robototexnika,Paralel və paylanmış sistemlərin proqramlaşdırılması kimi ixtisasla bağlı fənlər tədris olunacaq

 

Təcrübə və iş imkanları

İnformasiya texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi və həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə ən çox tələbat olan mütəxəssislər kompüter mühəndisləridir. Kompüter mühәndisliyi üzrә mәzun olan tələbələr Software Developer, Proqramçı, Şәbәkә Administratoru, Sistem Administratoru,Verilәnlәr bazası Administratoru, Sistem Analitiki, Mürəkkəb kompüter sistemlərinin qurucusu, Sistem mühəndisi, İnteqrasiya olunmuş sistemlərin qurucusu (embedded systems developer), Veb və mobil sistemlərin qurucusu, Paylaşmış sistemlərin qurucusu, Proqram təminatının qurulma prosesi üçün layihələrin idarəolunmasının meneceri kimi çox tələbat olan vəzifələrdə çalışmaq imkanı əldə edirlər.