Xəbərlər
BANM-də TGT-nin növbəti seçki-hesabat konfransı keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatının (TGT) III hesabat-seçki konfransı keçirilib. Konfransda BANM-in mühəndislik faküktəsinin dekanı Zəfər Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İcraçı direktoru Nurxan Babayev və Ali Məktəbin tələbələri iştirak ediblər.
Konfransda ötən dövr üzrə sədr olmuş BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan V kurs tələbəsi Şəmsi Musayev hesabat çıxışını təqdim edib və hesabatı tələbələr tərəfindən qəbul olunub. Çıxışının sonunda eks-sədr yeni seçiləcək heyətə uğurlar diləyib.
Sədrliyə namizəd olan BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan III kurs tələbəsi Elvin Həsənli və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Kənan Sadıqov çıxış edərək öz platformalarını təqdim ediblər.
Qapalı səsvermə nəticəsində say komissiyasının təqdim etdiyi nəticələrə görə 366 tələbənin iştirak etdiyi səsvermədə 58% səs çoxluğu ilə Kənan Sadıqov növbəti dövr üçün BANM TGT-nın sədri seçilib.
Ali Məktəbin rəhbərliyi adından Kənan Sadıqovu təbrik edir, ona və komandasına işlərində uğurlar arzulayırıq.