Xəbərlər
Bakı Ali Neft Məktəbinin yeni kampusunda ilk iclas
Bakı Ali Neft Məktəbinin (BANM) yeni açılmış şəhərciyinin amfiteatrında ilk iclası keçirilib. İclasda BANM-in rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə 1 may 2017-ci il tarixində keçirilən BANM-in yeni kampusunun açılışına həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb.
İclasda çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov BANM-in kollektivini yeni kampusun açılışı münasibəti ilə bir daha təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.
“Ali Məktəbin şəhərciyinin açılışı bizim üçün böyük uğurdur. Bu şəhərcik yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Öz adımdan BANM-ə dəstəyinə və olduqca qısa zamanda bu cür möhtəşəm binanın inşasına görə SOCAR-ın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”, - Elmar Qasımov dedi.
Rektor qeyd etdi ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələr “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizi altında artıq həyata keçirilir. İclasda həmçinin bildirilib ki, yaxın gələcəkdə BANM-də bir neçə yeni ixtisasın açılması planlaşdırılıb.
Daha sonra BANM-in İnzibati-təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev Ali Məktəbin şəhərciyinə həsr olunmuş təqdimatla çıxış etdi.
BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov və Kimya Mühəndisliyi kafedrasının professoru, Dövlət Sərhəd Xidməti hərbi hospitalının baş həkimi Kənan Yusif-Zadə BANM-in professor-müəllim heyətini yeni kampusun açılışı münasibətilə təbrik edərək, ali məktəbin çox qısa müddət ərzində böyük uğurlara imza atmasından söz açdılar. İclasda çıxış edənlər BANM-nin perspektivlərindən danışarkən qeyd ediblər ki, Ali Məktəb yaxın gələcəkdə regionun ən nüfuzlu ali təhsil ocaqlarına çevriləcək.