Xəbərlər

BANM-in tələbələri SOCARın yay məktəbi layihəsində uğurla iştirak ediblər

21-28 avqust tarixlərində SOCAR-ın İnsan Resursları Departmanentinin təşkilatçılığı ilə Bakının "Ramada" otelində "SOCAR yay məktəbi 2016" layihəsi keçirilib. Ümumilikdə layihəyə 702 müraciət olunub, onlardan 517 nəfər imtahan mərhələsinə buraxılıb. İmtahan mərhələsindən 89 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb. Onlardan yalnız 30 nəfəri uğurla "SOCAR yay məktəbi 2016" layihəsində iştirak hüququ əldə edib. Layihədə iştirak hüququ əldə edənlərdən 12 nəfəri SOCAR-ın əməkdaşı, digər 18-i isə müxtəlif universitetləri təmsil edən tələbələr olublar.

 

Bakı Ali Neft Məktəbinin 4 tələbəsi layihədə iştirak edib. Kimya mühəndisliyi ixtisası üzrə 2-ci kursda təhsil alan Nərmin Baxışova "Cyclohexane" komandasının heyətində 1-ci, həmin ixtisasın 3-cü kursunda təhsil alan Heydər Nəcəfov  "Breaking Brains" komandasının heyətində 2-ci, Neft-qaz mühəndisliyi ixtisası üzrə 2-ci kursda təhsil alan Oruc Əlimərdanlı "6S" komandasının heyətində 3-cü və eyni ixtisasın 3-cü kursunda təhsil alan Arif Sadıqlı "Genius Engineers" komandasının heyətində 4-cü yerin sahibi olublar. Bundan başqa, Oruc Əlimərdanlı layihənin ən fəal 4 üzvündən biri adına da layiq görülüb.

 

Layihə çərçivəsində iştirakçılar neft və qaz sənayesinə aid müxtəlif təqdimatlar dinləyiblər, "SOCAR"ın 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə və digər vitse-prezidentlərlə görüşmək şansı əldə ediblər. Layihə müddətində iştirakçılar müxtəlif komanda oyunları, intellektual yarışlar, talant-şouda iştirak ediblər və spesifik mövzularda təqdimatların təqdim olunmasında qrup olaraq çalışıblar. Bundan başqa, iştirakçıların Sumqayıt şəhərində yerləşən Sumqayıt tarix muzeyinə, "Azərikimya" İstehsalat Birliyinə və Bakının Qala kəndində yerləşən "Ekopark"a ekskursiyası təşkil edilib.