Xəbərlər
Bakı Ali Neft Məktəbində yubilyarların mükafatlandırılması mərasimi keçirilib
İyun ayının 21-də BANM-in konfrans zalında idarəetməni və tədrisi həyata keçirən struktur bölmələrinin işçilərinin iştirakı ilə təntənəli 50 illik yubileyləri qeyd edilən əməkdaşların mükafatlandırılma mərasimi keçirilib.
Mərasimi açan rektor Elmar Qasımov bu cür tədbirlərin artıq ənənəvi hal aldığını qeyd edib, əməkdaşlara göstərilən diqqət və qayğının kollektivdə işgüzar,sağlam və mehriban münasibətlərin yaranmasına xidmət etdiyini vurğulayıb.
Daha sonra rektor Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının dosenti, texnika elmləri namizədi Nailə Allahverdiyevanın həyat və fəaliyyəti haqqında danışıb.O, dosent N.Allahverdiyevanın Azərbaycan Neft və Kimya İnstitutunu “Tətbiqi riyaziyyat” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdiyini, daha sonra orada aspiranturada təhsil aldığını,namizədlik dissertasiyası müdafiə etdikdən sonra 1988-2012-ci illərdə orada pedaqoji fəaliyyətdə olduğunu qeyd edib, 2012-ci ildən etibarən ilk müəllimlərin sırasında Bakı Ali Neft Məktəbində işləməyə başladığını və 4 il ərzində informatika yönümlü fənlərin yüksək elmi-metodiki səviyyədə tədris etdiyini, bu fənlərin mənimsənilməsində tələbələrin uğurlar əldə etdiyini, Nailə xanımın həm də doktorluq dissertasiyası üzərində işlədiyini vurğulayıb.
Rektor dosent Nailə Allahverdiyevanın səmərəli pedaqoji fəaliyyətinə görə və 50 illik yubileyi münasibətilə SOCAR-ın Fəxri Fərmanına və pul mükafatına, Bakı Ali Neft Məktəbinin Fəxri Fərmanına layiq görüldüyünü bildirib, bu mükafatları , yubilyara ünvanlanmış təşəkkürnaməni və gül dəstəsini Nailə Allahverdiyevaya təqdim edib.
Rektor Bakı Ali Neft Məktəbinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya üzrə mühəndisi Xanım Ağasiyeva haqqında məlumat verərək bildirib ki, o, SOCAR-da uzun müddət müxtəlif strukturlarda, 2012-ci ildən isə Bakı Ali Neft Məktəbində səmərəli fəaliyyət göstərdiyini qeyd edib,onu işgüzar,əməksevər və intizamlı işçi kimi xarakterizə edib, onun səmərəli fəaliyyətinə görə və 50 illik yubileyi münasibətilə SOCAR-ın Fəxri Fərmanına və pul mükafatına, BANM-in Fəxri Fərmanına layiq görüldüyünü elan edib, mükafatları və gül dəstəsini Xanım Ağasıyevaya təqdim edib.
Yubilyarlar Nailə Allahverdiyeva və Xanım Ağasiyeva onların fəaliyyətinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, BANM-in rektoru Elmar Qasımova və Ali Məktəbin kollektivinə dərin minnətdarlıq hisslərini bildiriblər.