Xəbərlər

BANM-in tələbəsi beynəlxalq sosial layihədə iştirak edib

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan Məmməd Cəbrayılov 22-30 aprel tarixlərində İspaniyanın Qranada şəhərində “Erasmus+” proqramının dəstəyi ilə keçirilən “Stop and prevent violence against the women” adlı sosial layihədə iştirak edib. Layihə zamanı BANM-in tələbəsi digər təmsilçilərlə birgə bir həftə boyunca dünyanın müxtəlif ölkələrindən olan, irqindən və dinindən asılı olmayaraq düşərgəyə sığınmış insanlarla bir yerdə yaşayıb.

 

Qeyd edək ki, “Fundación Escuela de Solidaridad” adlı sosial qurum tərəfindən reallaşan layihənin əsas məqsədi ailədaxili şiddət, maddi sıxıntı, yaşayış yeri və s. kimi sosial problemlərdən əziyyət çəkən insanları, xüsusən də uşaqlı qadınları sığınacaqla təmin etməkdir. Layihədə Azərbaycan, Belarus, Bosniya və Hersoqavina, Bolqarıstan, Fransa, Gürcüstan, İtaliya, İspaniya və İngiltərənin müxtəlif təşkilatlarından, digər qurumlardan təxminən 30-a yaxın təmsilçi qatılıb. Ailədaxili şiddətdən əziyyət çəkmiş qadınlara maddi və mənəvi dəstək olan sığınacaqda keçirilən layihənin əsas məqsədi qadınlara qarşı zorakılıq mövzusunda diskussiyalar, təqdimatlar və digər sosial fəaliyyətləri daha da aktuallaşdırmaq və təmsilçılərin diqqətini bu mövzuya çəkməkdir.