Xəbərlər
BANM-də Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi
Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbirdə BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov , Ümumi işlər üzrə prorektor Rəşad Həsənov, Ali Məktəbin müəllimləri və tələbələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımının ermənilər tərəfindən XX əsrin insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayəti olduğunu dedi. O, bildirdi ki, dəyirmi masanın keçirilməsinin əsas məqsədi tələbələrin Xocalı həqiqətləri, erməni vəhşilikləri barədə məlumatlı olması və bu həqiqətlərin dünyaya çatdırılmasında vətəndaş borclarının yerinə yetirməsinə təkan verməkdir. Professor Ramiz Hümbətov Xocalı faciəsinin acı həqiqətlərlə dolu tarixini və öz yaddaşında həkk olunmuş faktları, Xocalı soyqırımının ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən tək müsibət olmadığını tələbələrin diqqətinə çatdırıb. Prorektor tələbələri Azərbaycanda törədilmiş erməni vəhşiliklərinin, Ermənistanın işğalçı siyasətinin və Xocalı həqiqətlərinin xüsusilə dünya ictimaiyyətinə çatdırılmasında və günahkarların qanunla cəzalandırılması üçün aparılan tədbirlərdə fəal olmağa çağırıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınacağından və bu cinayəti törədən şəxslərin tarix və qanun qarşısında öz əməllərinə görə cavab verəcəklərindən əminlik ifadə edib.
BANM-in dosenti, tarix üzrə fəlsəfə doktoru, Ələmdar Şahverdiyev çıxış edərək, tələbələrə Xocalı soyqırımı və bu soyqırımı ilə bağlı tarixi faktlar barədə geniş məlumat verib. Ə.Şahveridyev Xocalı faciəsinin əvvəlcədən düşünülərək, planlı şəkildə həyata keçirilmiş, bəşəriyyət tarixində insanlıq əleyhinə ermənilər tərəfindən törədilmiş ən ağır cinayət olduğunu deyib. O, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinin işğal edildiyini və viran edilərək yer üzündən silindiyini bildirib. Həmin gecə düşmən tərəfindən yüzlərlə xocalıların amansızcasına öldürülməsi, yaralanması, itkin düşməsi və girov olması barədə ürəkağrıdıcı faktlara diqqət çəkib.
Tədbirdə BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Rəmziyyə Qarazadə, “Neft-qaz mühəndsiliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Fərdin Vətəni və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Azər Tapdıqzadə təqdimatla çıxış ediblər. Tələbələr Xocalı faciəsini əks etdirən tükürpərdici faktlar, foto və video görüntülər nümayiş etdiriblər. Onlar Azərbaycanın Milli Qəhrəmanlarının, xüsusilə Xocalı dəhşətlərinin görüntülərini lentə almış telejurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin əziz xatirəsini anıblar.
Sonda BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov çıxış edərək Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan gənclərə ehtiyac olduğunu vurğulayıb və gəncləri burada əldə etdikləri biliklərini Azərbaycanın bütövlüyü naminə, tarixi həqiqətlərinin dünyaya çatdırılması və tanıdılması istiqamətində sərf etməyə çağırıb.