Xəbərlər
BANM tələbəsi “HackMasters Cyber Security Competition” yarışında ikinci yeri tutub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya Təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Əli Məhərrəmlinin də iştirak etdiyi komanda “HackMasters Cyber Security Competition” yarışında ikinci yeri tutub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kibertəhlükəsizlik komandası 18 ölkənin iştirakçıları ilə yarışıb, eləcə də qalibiyyət üçün Pakistan, Küveyt, Qətər və Livan komandaları ilə başabaş mübarizə aparıb. Hər bir komanda 4 #CTF mütəxəssisindən ibarət olub və iştirakçılar yarışma boyunca öz texniki bacarıqlarını nümayiş etdiriblər.
Yarış İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMSEC) tərəfindən təşkil olunub.
Qeyd edək ki, finalçılar noyabr ayında İstanbulda baş tutacaq mükafatlandırma mərasimində iştirak edəcəklər. 4 noyabr 2024-cü il tarixində İSEDAK Nazirlərinin 40-cı iclası çərçivəsində keçiriləcək tədbirdə qalib komanda üzvlərinə Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi tərəfindən mükafatlar təqdim olunacaq.