Xəbərlər

“Teknofest”in iki müsabiqəsində qalib olan BANM-in “Həkəri” komandası

Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest” Aerokosmik və Texnologiya festivalında Bakı Ali Neft Məktəbinin (BANM) komandaları da iştirak edir. Komandalardan biri də may ayında ilk dəfə Bakıda keçirilən festivalda iki layihə ilə təmsil olunaraq hər iki müsabiqədə mükafat qazanan “Həkəri” komandasıdır. Burada komandanın 3 üzvü təmsil olunur.

Ali Məktəbin müəllimləri Elşən Mikayılovun mentor, İlkin Balazadənin məsləhətçi olduğu Kimya mühəndisliyi 3, Proseslərin avtomatlaşdırılması ixtisasının isə 2 tələbəsindən ibarət komanda “Aqrar texnologiyalar” və “Sosial yönümlü texnologiyalar” müsabiqələrində III yerə sahib olmuşdu.

Komandanın “Aqrar texnologiyalar” müsabiqəsinə təqdim etdiyi “Ağıllı suvarma sistemi” layihəsi torpaqda rütubət azaldıqda rütubətölçən sensorlar vasitəsilə  yaradılan sistemə məlumat göndərməklə, hava şəraitindən asılı olaraq günəş və ya külək enerjisidən alınan enerji ilə çalışan nasosu işə salaraq suvarmanı həyata keçirməyi, beləliklə  suya qənaət etməyi, fermerlərin işini asanlaşdırmağı və “Yaşıl enerji”dən istifadəni nəzərdə tutur.

Komandanın təqdim etdiyi digər layihə isə yaradılan onlayn platformada qeydiyyatdan keçməklə, məhsul göndərmək və aparmaq istəyən şəxslər arasında vasitəçi olmaqla 24 saat müddətində xaricə və ya xaricdən sənəd və ya dərman göndərilməsini nəzərdə tutur. Komanda təhlükəsizlik məsələsini də ən yüksək səviyyədə düşünüb. 

Cavid İsayev - komandanın kapitanı. Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsidir. Onun alternativ enerji mənbələri sahəsinə böyük marağı var. Cavid deyir ki, 4 aylıq hazırlıq prosesinin təxminən 2-3 həftəsini komanda ilə birlikdə su çatışmazlığı və enerji təhlükəsizliyi üçün  həll yolu tapmağa və ideyalarını təkmilləşdirməyə sərf ediblər. 

O bildirir ki, komanda olaraq ideyanı real prototip halına gətirmək üçün hansı mərhələlərdən keçməyi və necə işləmək lazım olduğunu öyrəniblər: “Komandada fərqli sahələrdən üzvlər olsa da, tapşırıqların çoxunu birlikdə edirdik və yarışmanın sonunda hər kəs artıq digər ixtisasa aid biliklər də əldə etmişdi. Bundan başqa, yarış müddətində parlaq fikirli, ideyalarla dolu yeni insanlar tanıdıq, hətta “Teknofest”də tanış olduğumuz bir komanda ilə layihələrimizi birləşdirib daha keyfiyyətli iş ortaya çıxarmağı planlaşdırırıq”.

Fərid Qəhrəmanov – Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsidir. Fərid bildirir ki, “Teknofest” onlara səbirli olmağı, komanda şəklində işləməyi, qarşıya çıxan problemləri həll etməyi öyrədib. O qeyd edir ki, qalib olmağın sevinci, yeni insanlarla tanışlıq da “Teknofest”in qatdığı faydalardandır. 

Sona Mehdizadə -Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsidir. Layihənin texniki işlərini həyata keçirən Sona bildirir ki, “Teknofest” ona böyük təcrübə, komanda ilə işləmək, vaxtın idarə edilməsi kimi bacarıqlar qazandırıb: “Teknofest”dən sonra məqsəd qoydum ki, ölkəmiz üçün faydalı layihələr həyata keçirmək üçün daha böyük əzmlə çalışım”.

Leyla Osmanova - Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsidir. Layihənin araşdırma işlərini həyata keçirən Leyla bildirir ki, “Teknofest yeni insanlarla tanış olmaq imkanı yaradıb, kommunikasiya və sosial bacarıqlarını inkişaf etdirib. İlk dəfə bu miqyasda yarışda iştirak edən komanda üzvü qeyd edir ki, qazandıqları uğur onda çox çalışmağın, əzmin bəhrə verdiyinə inamı artırıb.

Ləman Həsənli - Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsidir. “Teknofest”ə qatılmağın maraqlı proses olduğunu qeyd edən komanda üzvü bildirir ki, təqdim etdikləri layihələr də insanlara fayda verəcək layihələrdir. O, həmçinin əlavə edir ki, festival özünü inkişaf etdirmək, komanda ilə işləmək, yeni insanlarla tanış olmaq baxımından ona fayda gətirib.