Xəbərlər
Bakı Ali Neft Məktəbində BMT Modeli (MUN) haqqında təqdimat keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) BMT Modeli (MUN) ilə bağlı təqdimat keçirilib. BMT-nin İnkişaf Proqramının layihə assistenti Azər Abasəliyev öncə tələbələrə təqdimat edərək BMT və MUN haqqında məlumat verib. Daha sonra o bildirib ki, müxtəlif universitetlərdə BMT Modeli (MUN) klubları yaradılıb, davamlı simulyasiyalar keçirilir və bununla tələbələr özünü BMT-də hiss edərək qərarvermə məsələlərinin aparılma üsulları ilə tanış olur, natiqlik qabiliyyətini inkişaf etdirir, təmsil etdiyi nümayəndə heyətini düzgün təqdim etmək vərdişlərini qazanır.
Azər Abasəliyev görüş zamanı tələbələrlə interaktiv müzakirə aparıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Höküməti ilə BMT-nin İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” Layihə Sənədi imzalanıb. Layihənin əsas məqsədlərindən biri gənclərin diplomatiya sahəsində müvafiq bilik, bacarıq və təcrübə qazanması üçün universitetlərdə BMT Modeli (MUN) klublarının təsis edilməsi və MUN hərəkatının Azərbaycanda institutlaşdırılmasıdır.
BMT Modeli hərəkatının və MUN klubların əsas məqsədi gələcəkdə Azərbaycanı beynəlxalq arenada təmsil etmək, ölkənin xarici siyasətinə layiqincə xidmət etmək və ölkənin maraqlarını beynəlxalq təşkilatlarda müdafiə etmək istəyən gənclərin davamlı inkişafını və bu istiqamətdə yeni biliklərə yiyələnməsini təmin etməkdir.