Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələblərinə Enactus qlobal sosial innovasiya müsabiqəsi barədə infosessiya keçilib

           Bakı Ali Neft Məktəbində beynəlxalq “Enactus” qlobal sosial innovasiya müsabiqəsi barədə infosessiya keçirilib.

        Ali Məktəbin Sosial İnnovasiya və Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Enactus Azərbaycan” təşkilatının proqram direktoru Əziz Fələkzadə “Enactus” barədə tələbələrə ətraflı məlumat verib.

         O, layihə çərçivəsində əsasən, sosial, iqtisadi və biznes yönümlü startap ideyalarına üstünlük verildiyini qeyd edib.

   

         Eyni zamanda, Ə.Fələkzadə tələbə komandalarının formalaşmasında vacib məqamları, komanda arasında vəzifə bölgüsünün əhəmiyyətini qeyd edib. O, komandaların formalaşdırılması, hazırlanacaq layihələrin meyarları və hər il təşkil olunan Milli yarış və Dünya Kuboku barədə danışıb.

 

         Proqram direktoru 2020-ci ilin may ayında keçiriləcək Milli yarışda 1-ci yerin qalibi olacaq komandanın Dünya Kuboku üçün Niderlandda öz layihələrini və ölkəsini təmsil etmək şansı qazanacağını bildirib.

 

        Daha sonra, ötən akademik ildə Milli Finalın iştirakçılarından olan “Aquair” layihəsinin müəlliflərindən və “Enactus BHOS” komandasının kapitanı, Bakı Ali Neft Məktəbinin tələbəsi Fidan Cəbrayılova öz təcrübəsini və uğur hekayələrini tələbə yoldaşları ilə bölüşüb.

 

      Məlumat üçün qeyd edək ki, tələbə-gənclərin sahibkarlığa dair kreativ ideyalarından ibarət layihələrin qiymətləndirilməsi üçün yarış və təlimlərdən ibarət layihə artıq 11 ildir ki, Azərbaycanda da keçirilir. “Bizim Sahibkarlıq Fəaliyyətimiz” (Enactus) beynəlxalq proqramı sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderlərini bir araya gətirən beynəlxalq proqramdır. Fakültə məsləhətçiləri, akademik liderlər və biznes mütəxəssislərin rəhbərliyi ilə iştirakçı tələbələr insanların həyat keyfiyyətini və yaşam standartlarını inkişaf etdirməyə imkan verən birgə sosial biznes yönümlü layihələri yaratmaq və həyata keçirmək üçün öz universitetlərində komanda formalaşdırırlar.

 

     Proqramın əsas məqsədi tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirməkdən və gələcəyin sahibkarlarını yetişdirməkdən ibarətdir. Çempion komanda Dünya Kuboku uğrunda yarışa iştirak hüququ qazanır. Bu məqsədlə hər akademik il üçün gənclərlə iş üzrə proqram planı hazırlanır. Akademik ilin sonunda isə işlərin yekunu olaraq universitet komandaları arasında Milli Yarış keçirilir.

 

    Qalib gəlmiş komanda isə “Dünya Kubokuna ” vəsiqə qazanır.