Multikulturalizm

Beynəlxalq qısamüddətli proqramlar

SILKWAY Yay Məktəbi

SILKWAY Şəbəkəsi Avropa və Asiya ölkələrindən olan universitetləri və qeyri-akademik tərəfdaşları birləşdirən beynəlxalq əməkdaşlıq platformasıdır. Şəbəkə İtaliyanın Milano-Bikokka Universiteti və İspaniyanın Santyaqo de Kompostela Universiteti tərəfindən birgə əlaqələndirilir və 26 mart 2022-ci il tarixində Dubayda, EXPO İtaliya Pavilyonunda rəsmi olaraq fəaliyyətə başlamışdır.

SILKWAY təşəbbüsü akademiya, biznes və vətəndaş cəmiyyəti arasında əlaqələrin gücləndirilməsi yolu ilə tədqiqat, təlim və biliklərin yayılmasını təşviq etməyi hədəfləyir.

Şəbəkənin əsas fəaliyyət istiqamətlərindən biri Yaşıl Enerji İdarəetməsi (Green Energy Management – GEM) Yay Məktəblərinin təşkili olub, bu proqramlar bərpa olunan enerji, enerji keçidi və enerji siyasətləri mövzularına həsr edilir. GEM Yay Məktəbləri Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edən beynəlxalq və multidissiplinar yanaşma təqdim edir.

Bakı Ali Neft Məktəbi (BANM) 2019-cu ildə GEM Yay Məktəbinə ev sahibliyi etdikdən sonra SILKWAY Şəbəkəsinin tamhüquqlu üzvü olmuşdur. Həmin vaxtdan etibarən BANM-in Neft Mühəndisliyi Departamentinin professoru Siyavuş Azakov Avropa və Asiyanın müxtəlif ölkələrində keçirilən GEM-SILKWAY Yay Məktəblərində mütəmadi olaraq lektor kimi iştirak edir.

 

         Çin Yay Məktəbi 2023

2023-cü ildə Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın dəstəyi ilə Çinli tələbələr üçün “Sustainable Energy for a Sustainable Future” adlı beynəlxalq yay proqramı həyata keçirilmişdir.

Proqramda Çinin müxtəlif universitetlərini təmsil edən 17 tələbə, BANM-də təhsil alan Çin vətəndaşları, Azərbaycan universitetlərinin nümayəndələri və sənaye sektorunun təmsilçiləri iştirak etmişdir. Dörd gün davam edən proqram çərçivəsində yaşıl enerji, enerji siyasəti, süni intellekt, innovasiya və Azərbaycanın enerji transformasiyası mövzularında təlimlər keçirilmişdir.

Yay məktəbi eyni zamanda BANM ilə Çin universitetləri arasında akademik əməkdaşlığın möhkəmləndirilməsinə, tələbə mübadiləsinin təşviqinə və mədəni mübadilə imkanlarının genişləndirilməsinə töhfə verib.

 

  • DAAD Yay Məktəbi

    “Neft hasil edən ölkələrdə enerji keçidi”

    SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə “Neft istehsalçısı ölkələrdə enerji keçidi” adlı beynəlxalq DAAD Yay Məktəbi layihəsini həyata keçirib.

    İki həftə davam edən proqramda Almaniyanın aparıcı universitetlərindən 16 tələbə iştirak edib. Yay Məktəbi çərçivəsində BANM-in professor-müəllim heyəti və sənaye nümayəndələri tərəfindən Azərbaycanın enerji siyasəti, bərpa olunan enerji mənbələri, iqlim dəyişikliyi, rəqəmsallaşma və geotermal enerji mövzularında mühazirə və seminarlar təşkil olunub.

    Proqram çərçivəsində iştirakçılar SOCAR və bp-yə səfərlər edib, həmçinin Azərbaycanın tarixi irsi və milli dəyərləri ilə tanışlıq məqsədilə mədəni ekskursiyalarda iştirak ediblər.

    DAAD Yay Məktəbi BANM ilə Almaniya ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın gücləndirilməsinə, eləcə də dayanıqlı enerji və enerji keçidi üzrə beynəlxalq dialoqun inkişafına töhfə verib. Proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.