Bakalavriat
Ümumi məlumat
Biznesin idarə edilməsi – iş mühitində prosesləri effektiv dizayn etmək və operativ biznes həlləri tapmaqda doğru istiqamət göstərən mühim ixtisaslardan biridir. Bu gün dəyişən reallıqlar çərçivəsində lokal, regional və qlobal səviyyədə uğur qazanmaq, biznes trendlərini izləyib, düzgün analiz etmək və doğru zamanda, doğru qərar verə bilməkdən asılıdır. Biznesin idarə edilməsi ixtisası məhz bu tendensiyaları anlaya bilmək və proseslərə çevik reaksiya vermək qabiliyyətini inkişaf etdirmək hədəfi üzərinə dizayn edilmişdir.
2021-ci ildən Bakı Ali Neft Məktəbində tədrisinə başlanan bu ixtisas tələbələrə 1-ci ildə ingilis dili və informasiya-kommunikasiya texnologiyaları üzrə hazırlıq daxil olmaqla 5 illik təhsil imkanı yaradır. Hədəfimiz qısa müddətli dövrdə unikal üsullar və ixtisaslı müəllim-professor heyəti ilə biznes menecerləri və analitikləri, potensial iş adamları hazırlamaqla ölkə iqtisadiyyatında sahibkarlığın inkişafına müsbət töhfə vermək; orta müddətli dövrdə isə regionun ən yaxşı Biznes Məktəblərindən biri olmaqdır.
Qazanılan nəticə
- Qlobal iqtisadi və biznes trendlərini anlamaq bacarığı;
- Müxtəlif miqyaslı müəssisələrin müasir idarəetmə üsullarını bilmək;
- Dəyişkən situasiyalarda optimal qərar qəbuletmə qabiliyyəti;
- Biznes strategiyaları, planları və layihələri hazırlamaq bacarığı;
- Proseslərdə vaxta və büdcəyə uyğunluğu hesablaya bilmək;
- Təşkilatlarda insan resurslarını effektiv idarə edə bilmək qabiliyyəti;
- Korporativ mədəniyyət, iş etikası, sosial məsuliyyət kimi anlayışların qurum və müəssisələrdə tətbiq metodlarını bilmək;
- İnvestisiyanın səmərəliliyini qiymətləndirə bilmək;
- Yeni satış metodlarını, e-ticarət və marketinq üsullarını tətbiq bacarığı;
- Komanda ilə səmərəli işləmək bacarığı;
- Akademik bilik və tədqiqat bacarıqları.
Təcrübə və iş imkanları
Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan tələbələr baxımından bu günün reallıqlarında akademik biliklə birlikdə təcrübənin əhəmiyyəti çox mühimdir. Bunu nəzərə alaraq universitet, tələbələri artıq II kursdan etibarən tanınmış şirkət və müəssisələrdə istehsalat təcrübəsi ilə təmin edir. Proses III və IV kurslarda da davam edir. Bu imkan tələbələrin məzun olmadan əvvəl ən az 3 müəssisədə təcrübə keçməsinə, nəzəriyyədə öyrəndiklərini praktikada tətbiq etməsinə gətirib çıxarır ki, bu da onların gələcək karyeralarında mühüm rol oynayır. Prosesin sonunda tələbələr məzun olmadan əvvəl artıq iş sahibi ola bilirlər. Ümumiyyətlə biznesin idarə edilməsi sahəsində iş imkanları kifayət qədər çox şaxəlidir. Belə ki, bu ixtisasdan məzun olan tələbələr gələcəkdə fəaliyyətlərini özəl və dövlət sektorunda davam etdirmə imkanına sahibdir. Onlar oxuduqları dövrdə müəyyənləşdirdikləri istiqamətdən asılı olaraq birbaşa biznes meneceri, maliyyə mütəxəssisi, mühasib, layihə meneceri, marketoloq, bank mütəxəssisi, insan resurslarının idarə edilməsi üzrə menecer və s. kimi vəzifələrdə karyera qura bilərlər. Bundan başqa fərdi təşəbbüsün əhəmiyyətinin artdığı günümüzdə onlar iqtisadiyyatın müxtəlif sahələri üzrə öz bizneslərini quraraq istehsalat, satış, xidmət və digər istiqamətlərdə fəaliyyət göstərə bilərlər.