Xəbərlər
BANM-də EBSCO Discovery Service üzrə təlim keçirilib
Kitabxanalar üçün informasiya xidmətləri və elektron resurslar təklif edən dünyanın aparıcı şirkətlərindən biri olan EBSCO-nun nümayəndələri İrina Krejçarova və Dalibor Parak Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları üçün EBSCO Discovery Service üzrə təlim keçiriblər.
İrina Krejçarova öz prezentasiyasında EBSCO və EBSCO Discovery Service (EDS) - yüksək texnoloji xüsusiyyətlərə malik bir pəncərədən idarə olunan axtarış sistemi və məlumat bazası haqqında məlumat verib və sistemin iş prinsiplərini nümayiş etdirib.
EBSCO-nun digər nümayəndəsi Dalibor Parak EDS xidmətinin sadə və mürəkkəb axtarış aparmaq funksiyasının texniki tərəfi və sistemə digər mobil qurğulardan daxil olmaq imkanlarına toxunub.
Təlim Ali Məktəbin akademik cəmiyyətinin EDS xidmətinin istifadəsi üzrə bilik və bacarıqlarının artırılmasına yardım etmək üçün nəzərdə tutulub. Digər tərəfdən isə EDS xidməti istifadəçini / müştərini az səy və vaxt sərf etməklə öz tədqiqat ehtiyaclarını ödəmək və keyfiyyətli informasiya ilə təmin etmək məqsədi daşıyır.
Şirkət BANM əməkdaşlarına EDS xidmətindən sınaq müddətinə istifadə etmək imkanı yaradıb və bu ilin sonuna qədər EDS xidmətinin BANM kitabxana sisteminin bir hissəsi olacağı gözlənilir. Sistemin tətbiq olunmasının əsas məqsədlərindən biri universitet kitabxanasının informasiya resurslarının maksimum istifadə olunmasını təmin etməkdən ibarətdir.