Xəbərlər
BANM-də Sinerji Klubun növbəti seminarı keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) “Sinerji” Elmi Müzakirə Klubunun növbəti seminarı keçirilib. Tədbir dövrümüzün ən ciddi və aktual problemlərindən olan eneri təminatına həsr olunub.
Klubun elmi koordinatoru, “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Fuad Vəliyev "Qlobal enerji problemi və onun ətraf aləmə təsiri" (Global Energy Problem and Ecological Footprint) mövzusunda konfrans iştirakçıları - universitetin tələbələri, müəllimləri və işçiləri qarşısında məruzə ilə çıxış edib.
Professor öz çıxışında əhalinin artımı, enerji resurslarının istifadəsi və onların nəticələri ilə bağlı qlobal problemlərə toxunub. Seminarda artıq özünü göstərmiş və ya yaxın onilliklərdə özünü göstərə biləcək ekoloji status, iqlim dəyişikliyi, enerji resurslarının tükənməsi, kənd təsərrüfatı üçün istifadə olunan torpaqların aşınaraq sıradan çıxması və şirin su çatışmazlığında kəskin pisləşmə prosesləri müzakirə edilib.
“Biz acı bir həqiqəti qeyd etməliyik - Yer bu gün özünü qoruyan bir planet olmağı dayandırır, lakin qlobal fəlakətdən qaçmaq və davamlı inkişaf yoluna başlamaq üçün hələ gec deyil " – deyə məruzəçi Fuad Vəliyev vurğulayıb. Onun sözlərinə görə, enerji ehtiyatlarının istehlakını planetin ekosisteminə icazə verilmiş səviyyələrə uyğunlaşdırmaq lazımdır.
Seminarın sonunda iştirakçılar mövzu ətrafında maraqlı və aktual məsələlərə dair suallarını prof. Fuad Vəliyeva ünvanlayıblar.
Professor Fuad Vəliyevin təşəbbüsü ilə yaradılan "Sinerji" klubunun əsas vəzifələri tələbələr, gənc alimlər, müəllimlər və mütəxəssisləri müxtəlif elmi sahələrdə baş verən son nailiyyətlər və aktual problemlər barədə məlumatlandırmaqdır. BANM-də klubun görüşlərinin keçirilməsinin əsas məqsədi isə Ali Məktəbin heyətini, tələbələrini elmi və praktiki müzakirələrə cəlb etmək, onların tədqiqat və inkişafa marağının artırılmasını təmin etməkdir.