Xəbərlər

Elmar Qasımov MİR TV-ni təltif etdi

        Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Mir” Dövlətlərarası Teleradio Şirkətinin (DTRŞ) Azərbaycan Respublikasındakı Milli nümayəndəliyinin direktoru İlqar Paşazadə və baş redaktor Nərmin Abbasova ilə görüşüb.

 

        Görüş zamanı Elmar Qasımov qonaqları salamlayaraq onları BANM-də görməyinə şad olduğunu bildirib. Rektor görüş  zamanı «MİR» DTRŞ-nin Azərbaycanın MDB informasiya məkanında layiqincə təmsil olunmasında rolundan danışıb və qeyd edib ki, Azərbaycanın bütün istiqamətlərdə fəaliyyətinin gündəlik 140 milyona yaxın izləyicisi olan  “MİR”, “MİR-24” və “MİR-HD” kanallarında yayımlanması ölkəmiz üçün böyük uğurdur.

 

       Görüş zamanı E.Qasımov “MİR” DTRŞ-nin fəaliyyətilə yaxından tanış olub və bu il şirkətin 25 illiyi münasibətilə direktor İlqar Paşazadə başda olmaqla onun bütün kollektivini təbrik edib. Rektor eyni zamanda BANM-in tədbirlərinin mediada işıqlandırılmasında verdiyi töhfələrə görə, əməkdar jurnalist İlqar Paşazadəni və bu istiqamətdə hər zaman böyük həvəslə çalışan baş redaktor Nərmin Abbasovanı  Bakı Ali Neft Məktəbinin Fəxri fərmanı ilə təltif edib.

 

         «Mir» DTRŞ-nin Azərbaycan Respublikasındakı Milli nümayəndəliyinin direktoru İlqar Paşazadə Elmar Qasımova bu cür diqqət və dəstəyinə görə öz təşəkkürünü bildirib və  BANM-lə əməkdaşlığa hər zaman böyük önəm verildiyini qeyd edib.