Xəbərlər
BANM-in müəllimlərinə Təhsil Nazirliyinin təşəkkür məktubu ünvanlanıb
Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramov Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Siyavuş Azakova, “Kimya mühəndisliyi” kafedrasının baş müəllimi Sevda Zərgərovaya, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının baş müəllimi Abbas Əliliyə və Keyfiyyətin Təminatı Şöbəsinin rəisi Samirə Musayevaya təşəkkür məktubu ünvanlayıb.
Məktubda deyilir: “Bildiyiniz kimi hökumətlərarası müqavilələr əsasında xarici ölkələrin Azərbaycan tərəfi üçün ayırdığı kvota hesabına xaricdə təhsil məqsədilə hər il Təhsil Nazirliyi tərəfindən bir neçə müsabiqə həyata keçirilir. Bu qəbildən olan müsabiqələrin həyata keçirilməsində Təhsil Nazirliyinin əsas vəzifə və funksiyası ayrılmış kvota hesabına xaricə təhsil üçün namizədliklərin təqdim olunması şəffaf və ədalətli şəkildə təşkil etməkdir. Cari ildə bu qəbildən olan müsabiqələrə müraciət etmiş ərizəçilərlə sizin də daxil olduğunuz müxtəlif dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən fərdi müsahibələr keçirilmişdir”.
Məktubda həmçinin qeyd edilib ki, bu amil seçim prosesinin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradılıb. Məktubda bildirilir ki, müsahibələrin aparılmasında yaxında iştirak etdiyinə görə Təhsil Nazirliyi adından BANM-in müəllimlərinə dərin təşəkkürümüzü bildirir və gələcəkdə onlarla ikitərəfli əməkdaşlığı davam etdirəcəyini ümid edib.