Xəbərlər

Personal Məlumat Sistemi Bakı Ali Neft Məktəbində

          Bakı Ali Neft Məktəbində (BANM) Neft-qaz mühəndisliyi kafedrasının müəllimi Tural Abdullayev “Personal Məlumat Sisteminin (PMS) imkanları” adlı geniş təqdimatla çıxış edib. Tədbirdə BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak edib. Yeni Personal Məlumat Sisteminin qurulması və təkmilləşdirilməsində BANM-in Elektron tədris şöbəsinin rəisi Şərif Xurşudov da iştirak edib.

 

          Tədbiri açan BANM-in rektoru Elmar Qasımov bildirib ki, yeni məlumat sistemi tədris proqramları və vəsaitlərin daha tez və asan əldə edilməsinə əlverişli şərait yaradacaq. Rektor qeyd etdi ki, bu sistemin köməyi ilə müəllimlər tədris prosesinin optimallaşdırılmasına nail ola bilərlər.

 

          Sonra Tural Abdullayev PMS-ni təqdim edib və yeni sistemin tərtibatı, məzmunu, imkanları, istifadə qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, qeyd etdi ki, PMS beş əsas hissədən ibarət olan informatik bir sistemdir. Bu sistem qiymət daxil etmə, kafedra və proqramlar, tələbə məlumatları, sorğular, forma və hesabatlar, kitabxana, mesajlar, yazı lövhəsi, anket, CV məlumatları və digər modullardan ibarətdir. Bildirilib ki, sistem üzərində eyni zamanda dərs yükünün daxil edilməsi, bütün akademik sənədlərin hazırlanması, akademik heyət haqqında məlumatların daxil edilməsi, statistik göstəricilərin hazırlanması, tələbələrin dərs qeydiyyatının aparılması və digər əməliyyatları etmək mümkündür.