Xəbərlər

BANM-in elektron kitabxanası dünya reytinq cədvəlinə daxil olub

Bakı Ali Neft Məktəbinin (BANM) elektron kitabxanası dünya elektron arxivinin (repozitorilərinin) reytinq cədvəlinə daxil olub. Belə ki, dünyanın 2200-dən artıq ali təhsil müəssisəsinin elektron arxivini əhatə edən "Webometrics Ranking of World Universities" ümümdünya reytinq cədvəlinin 2015-ci ilin yanvar ayına olan nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin elektron kitabxanası Vebometriks reytinq cədvəlinə daxil olub (http://repositories.webometrics.info/en/Europe/Azerbaijan).

Bundan başqa, BANM-in elektron kitabxanası dünyanın aparıcı akademik repozitorilərinin iki reyestrində qeydiyyatdan keçib.

DOAR (Directory of Open Access Repositories), ROAR (Registry of Open Acess Repositories) ROARMAP (Registry of Open Acess Repositories Mandates and Policy).

Reytinq dörd göstərici əsasında - zahiri görünüşünə, həcminə, xüsusi fayllarına və elmi məqalələrinə əsasən təhlil olunaraq tərtib edilir. Vebometriks reytinq cədvəli ali təhsil müəssisəsinin veb-resurslarının İnternetdə populyarlığını xarakterizə edən, onların informasiya əhəmiyyətliliyini ölçən universal və ixtisaslaşmış axtarış sistemlərinin qiymətləndirmə göstəricilərinə əsaslanıb. Reytinqin yenilənməsi ildə 2 dəfə baş verir və nəticələr Webometrics Ranking of World Universities rəsmi saytında yerləşdirilir (www.wembomertics.info).

Qeyd edək ki, BANM-in elektron arxivi (repozitori) (http://dspace.bhos.edu.az) Hevlett-Pakard və MTİ (Massaçusets Texnologiya İnstitutu) kitabxanalarının birgə əməkdaşlığı nəticəsində yaradılmış DSpace proqram təminatı əsasında çalışır. Proqram ilk dəfə 2002-ci ildə MTI-un kitabxanaları tərəfindən dəstəklənən sistem kimi işə salınıb. DSpace proqram təminatı akademik tədqiqatlarda istifadə olunan rəqəmsal materialların uzunmüddətli saxlanmasını təmin edən platformadır.

Hal-hazırda BANM-in elektron kitabxanasının kolleksiyaları Ali Məktəbin müəllim və tədqiqatçılarının tammətnli nəşrləri ilə zənginləşir. Elektron arxivin effektivliyinin artırılması məqsədilə Ali Məktəbin əməkdaşları sona çatdırılmış tədqiqat nəticələrinin elektron versiyasını kitabxanaya təqdim edirlər. Buraya dissertasiyalar, magistr işləri, ekspert rəyindən keçərək dərc olunmuş və ya dərc olunmağa hazırlanan elmi əsərlər və s. aid edilir. Ali Məktəbin elektron arxivində müxtəlif mövzulardan olan elektron sənədlərin kolleksiyaları, tədris proqramını dəstəkləyən tədris materialları, əməkdaşların tədqiqat nəticələri, aparıcı müəllim və alimlərin şəxsi səhifələri və sair kitabxana kolleksiyaları cəmlənib.