Xəbərlər
Bakı Ali Neft Məktəbində AzApps tətbiqetmələri layihəsi uğurla həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Bakı Ali Neft Məktəbində “AzApps tətbiqetmələri” layihəsi uğurla həyata keçirilir. Layihənin rəhbəri, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Rəhim Rəhimli bildirir ki, layihənin əsas məqsədi gənclərin İnformasiya Texnologiyaları sahəsində biliyini artırmaq, android proqramlaşdırması sahəsinə olan marağı gücləndirmək və bundan əlavə olaraq İKT-nin müasir dövrümüzdəki geniş imkanlarını gənclərə çatdırmaqdan ibarətdir. Proqramlaşdırma və İKT sahəsinə marağın artırılması, milli Android tədbiqetmələrin sayının artırılması və məntiqi təfəkkürün inkişaf etdirilməsi layihənin əsas vəzifələri kimi müəyyənləşdirilmişdir.
Layihə çərçivəsində 5 təlim-seminar sessiyası həyata keçiriləcək. Təlimlərdə iştirakçılar Android əməliyyat sistemində işləyən mobil telefonlar üçün öz tətbiqetmələrini yazmağı, komanda şəkilində işləməyi öyrənəcəklər və dəyərli proqramlaşdırılma təcrübəsi qazanacaqlar. Seminarları uğurla bitirən gənc proqramçılar smartfonlar üçün müxtəlif sahədə qısa zamanda proqramlar yaza biləcəklər. Bundan əlavə, təlimin sonunda iştirakçılar arasında yarışma keçiriləcək və ən uğurlu gənclər sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar. Artıq bir neçə layihə iştirakçısı komanda yaradıb proqramlaşdırma sahəsinə yeniliklər gətirmək fikrinə gəliblər və öz fəaliyyətlərini layihə bitdikdən sonra da davam etdirmək istəyini bildiriblər.