Xəbərlər
BANM-in əməkdaşları Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində
Bakı Ali Neft Məktəbinin (BANM) Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova və Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının dosenti Leyla Muradxanlı 11-17 dekabr 2016-cı il tarixlərində Yunanıstanın Pirey Tətbiqi Elmlər Universiteti (PUAS) ilə Erasmus + proqramı üzrə yaradılmış əməkdaşlıq çərçivəsində Afinada səfərdə olmuşlar. Səfər çərçivəsində universitetlərarası tanışlıq görüşləri keçirilmiş, birgə əməkdaşlığın gələcək inkişaf istiqamətləri, tələbə və professor-müəllim heyətinin mübadiləsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. PUAS -ən tələbələri və professor müəllim heyəti üçün Azərbaycan və BANM haqqında təqdimat təşkil olunmuşdur. Laboratoriya və elmi-tədqiqat istiqamətləri ilə tanış olan əməkdaşlarımız, həmçinin müxtəlif elm sahələrində də əməkdaşlıq imkanlarını nəzərdən keçirmişlər.
Xatırladaq ki, Erasmus + proqramı Avropa İttifaqının bir sıra istiqamətlərlə yanaşı ali təhsil istiqamətini də nəzərdə tutan genişmiqyaslı proqramdır. Proqram çərçivəsində 2016-cı ildə BANM ilə Pİrey Tətbiqi Elmlər Universiteti arasında mübadilələri nəzərdə tutan əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.