Xəbərlər

BANM və Londonun Kral Kolleci arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Dünyanın ən qabaqcıl universitetlərindən biri olan Böyük Britaniyanın London Kral Kollecinin (King's College London) beynəlxalq marketinq üzrə menecer Nelli Soloqaşvili və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi Noumi Veynberq Bakı Ali Neft Məktəbində olmuşlar.

Qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən BANM-nin rektoru Elmar Qasımov, London Kral Kollecinin nümayəndələrini Bakı Ali Neft Məktəbinin yaranma tarixi, əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumatlandırmış, ali məktəbin yaradılmasında əsas məqsəd kimi Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirərək, texniki fəaliyyət və sənaye sahələrində olan ingilisdilli peşəkar kadr tələbatının ödənilməsini göstərmişdir. Bu baxımdan rektor BANM-in dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələriylə və Böyük Britaniyanin Heriot-Vatt universiteti, neft-qaz şirkətləriylə sıx münasibətlərinin olmasını vurğulayaraq, bildirmişdir ki, BANM tələbələrin praktiki biliklərini artırmaq məqsədi ilə onları adları çəkilən müəssisələrə göndərir.

Daha sonra rektor BANM-in tikilməkdə olan yeni və müasir kampusunun Qafqaz regionunda ən böyük kampus olacağını qonaqların nəzərinə çatdıraraq, orada yaradılan hər cür şərait haqqında geniş təsviredici məlumat vermişdir.

Görüş çərçivəsində Elmar Qasımov dünyada məşhur olan London Kral Kollecində kimya mühəndisliyi ixtisası üzrə əməkdaşlığın qurulmasında BANM üçün maraqlı olduğunu qonaqların diqqətinə çatdırmış, bununla əlaqədar olaraq London Kral Kolecinin rektorunu Bakıya və BANM–də qonaq olmağa dəvət etmiş və Azərbaycana səfər çərçivəsində ali təhsil ocağlarının rəhbərləri ilə görüş keçirməyi təklif etmişdir.

Öz növbəsində London Kral Kollecinin əməkdaşları BANM-də qonaq olmalarından məmnunluq ifadə edərək, təmsil etdikləri universitet haqqında ətraflı məlumat vermiş, xarici tələbələrin Kral Kollecinin proqramları üzrə doktorontura səviyyəsində təhsil almalarında maraqlı olduqlarını nəzərə çatdırmışlar.

Görüşün sonunda BANM tələbələrinin gələcəkdə Londonun Kral Kollecində texniki ixtisaslar üzrə magistratura və doktorantura səviyyəsində təhsil almalarının indiki imkanları və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri muzakirə olunmuş, London Kral Kollecinin yüksəkixtisaslı kadrlar tərəfindən professional kursların və treninqlərin BANM-də keçirilməsi təklif olunmuşdur. Eyni zamanda universitetlər arasında ikitərəfli əməkdaşlığın qurulması istiqamətində təkliflər və tovsiyələr verilmişdir.