Xəbərlər
BANM-də Fövqəladə Hallar Nazirliyi təlim kursu keçirmişdir
16 oktyabr Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilati dəstəyi ilə tələbələr üçün "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" adlı təlim kursu keçirilmişdir.
Tədbirin nəzəri hissəsini giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamalayaraq bildirib ki, BANM-in, FHN-nin və ATGTİ-nin birgə təşkilatçılığı ilə keçirilən təlim kursları tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarını aşılanmasında, baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında öz töhfəsini verəcək. Həmçinin rektor təhlükəli hadisələr zamanı necə davranılmasında, hansı tədbirlərin görülməsinin öyrənilməsində və tədris saatlarında qəfildən baş verə biləcək hər hansı fövqəladə hadisəsi zamanı mühafizə və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmağının əhəmiyyətini qeyd etmişdir.
Daha sonra Azərbaycan Respublikasının FHN Bakı Regional Mərkəzinin rəisinin 1-ci müavini polkovnik cənab Elşən Əliyev hazırladığı təqdimatla çıxış edərək, tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər bu kimi məsələlərlə bağlı peşəkar səviyyədə qaneedici məlumat vermişdir.
Nəzəri və praktik olmaqla iki hissədən ibarət olan tədbir BANM-nin rəhbər və isçi heyəti başda olmaqla, ARDNŞ-nin vitse-prezidenti cənab Xalik Məmmədov, Azərbaycan Respublikasının FHN-nin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, nazirliyin digər 7 qurumunun, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarının, media nümayəndələrinin və tələbələrin iştirakı ilə baş tutmuşdur.
Daha sonra Bakı Ali Neft Məktəbində keçirilən tədbirin praktik hissəsi zamanı FHN-nin qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də BANM-nin müəllim və tələbələrinin iştirakı ilə, FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq, taktiki-xüsusi təlim həyata keçirilmişdir.
Hündür mərtəbələrdən xilasetmə, "işgüzar oyun" formatında təşkil edilmiş "partlayıcı qurğunun zərərsizləşdirilməsi", "zəlzələ zamanı xilasetmə" və "yanğının söndürülməsi" əməliyyatları tələbələr tərəfindən böyük marağla izlənilmiş və hərarətli alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda BANM-nin rektoru Elmar Qasımov tələbələr üçün keçirələn əhəmiyyətli təlimlərə görə təşkilatçılıqda dəstək göstərənlərə və tədbirdə iştirak edənlərə təşəkkürünü bildirmişdir.