Xəbərlər

BANM-də Narkomaniyaya yox deyək! adlı seminar keçirilib

      Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə “Narkomaniyaya yox deyək!” adlı seminar keçirilib.  Seminarda BANM-in rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova  iştirak ediblər. Seminar QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova  tərəfindən aparılıb.

     Tədbiri açan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov tədbirin keçirilməsinin mahiyyətindən söz açıb. Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemin daim ictimaiyyətin nəzarəti altında saxlanmasının və gənclərin bu barədə məlumatlı olmasının zəruriliyindən bəhs edib.

    QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova  narkomaniya xəstəlyi, onun cəmiyyətə  gətirdiyi bəlalardan, istifadəçilərinin qarşılaşdığı faciələrdən danışıb. Həkim deyib ki, narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Həmçinin, D.Mahmudova tələbələrə narkomaniya xəstəliyinin göstəriciləri, narkotik vasitələr, onların insan həyatına  və cəmiyyətə təsiri, narkotik vasitələrdən asılılığın ağır nəticələri, sağlamlığa vurduğu zərərləri, bu xəstəliyə qarşı görülən profilaktik tədbirlər və ölkədə bu sahədə qəbul olunmuş qanunvericilik barədə geniş məlumat verib. O, gəncləri sağlamlıqlarını qorumağa, pis vərdişlərdən uzaq olmağa və bu sahədə aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyə səsləyib.

   Sonra iştirakçılara narkomaniyanın bəlalarından bəhs edən sosial videoçarx nümayiş olunub.

Seminar  sual-cavab sessiyası ilə yekunlaşıb.

     Qeyd edək ki, “Narkomaniyaya yox deyək” adlı seminarın keçirilməsinin əsas məqsədi  tələbələri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin  cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, gəncləri sağlam həyat tərzini ön plana çəkməyə və narkomaniyadan uzaq olmağa çağırmaqdır.