Xəbərlər

BANM-in tələbəsi Böyük Britaniya Universitetinin tarixində ilk dəfə olaraq ən yüksək nəticəni göstərib

Bakı Ali Neft Məktəbinin (BANM) ”Neft-qaz mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Vahid Mustafayev Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən keçirilən qış imtahan sessiyasında “Mühəndisliyin əsasları A” fənnindən keçirilən imtahanda ən yüksək nəticəni toplayıb. Belə ki, Vahid Mustafayev hər iki ali təhsil müəssisəsinin tarixində ilk dəfə olaraq həmin fəndən ən yüksək - 99 faizlik nəticəni göstərib.

 

BANM-də keçirilən imtahan sessiyası ilə əlaqədar Ali Məktəbdə ezamiyyətdə olan Heriot-Vatt Universitetinin Mühəndislik və fizika elmləri üzrə İnstitutunun (MFEİ) direktor müavini, professor Aleksandr Bel bu münasibətlə Vahid Mustafayevlə görüşüb və onu ürəkdən təbrik edib. Aleksandr Bel qeyd edib ki, BANM-in tələbəsinin uğuru qürurverici və əlamətdar hadisədir. O, bu nailiyyəti BANM-in professoru Siyavuş Azakovun sərf etdiyi əməyin nəticəsi kimi dəyərləndirib.

 

Aleksandr Bel əldə olunan uğurun vacibliyini vurğulayaraq Vahid Mustafayevi həvəsləndirici hədiyyə ilə mükafatlandırıb.