Xəbərlər
Bakı Ali Neft Məktəbində Tələbələrin 4-cü elmi-texniki konfransı başa çatıb
Aprel ayının 19-dan 22-dək Bakı Ali Neft Məktəbində (BANM) keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Tələbələrin 4-cü elmi-texniki konfransı başa çatıb. Konfransın bağlanış mərasimində BANM-in rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və SOCAR-ın, o cümlədən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək, konfransı yüksək səviyyədə təşkil edən Təşkilat Komitəsinə, professor-müəllim heyətinə və elmi işlərə böyük məsuliyyət və maraqla yanaşan bütün iştirakçılara, həmçinin beynəlxalq şirkətlərə təşəkkürünü bildirib. Rektor elmi-texniki konfransın tələbələrdə elmə böyük maraq yaratdığını, onlarda elmi tədqiqatlar aparmaq və onların nəticələrini təqdim etmək bacarıqlarının inkişaf etməsinə imkan yaratdığını deyib. Tələbələrin təqdim etdiyi elmi işlərinin nəticəsindən razılıq bildirən Elmar Qasımov onların parlaq gələcəyinin olacağına və Azərbaycandakı elmin inkişafına böyük töhfələr verəcəklərinə əminliyi ifadə edib. O, həmçinin tələbələrin elmi işlərinin bir kitab toplusunda çap olunmasını yüksək dəyərləndirib və bu toplunun Azərbaycan gəncliyinin elmə olan marağının sübutu olduğunu bildirib.
Sonra konfransda iştirak edən beynəlxalq şirkət nümayəndələri BANM-in rəhbərliyinə bu möhtərəm tədbirin keçirilməsinə və elmin inkişafına verilən töhfələrə görə təşəkkürünü bildiriblər. Hər biri konfrans haqqında müsbət fikirlərini səsləndirib və BANM-də milli kadrların, gələcək mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq etməkdən məmnunluğunu ifadə ediblər.
Rektor Elmar Qasımov ən maraqlı məruzələrlə çıxış edən iştirakçıları BANM-in müxtəlif dərəcəli diplomları və SOCAR, BP, Statoil, Total, Schneider Electric, Schlumberger, Emerson Process Management, ABB və Avandsis Group şirkətlərinin həvəsləndirici mükafatları ilə təltif edib. Ümumilikdə, neft-qaz mühəndisliyi bölməsi üzrə 13 tələbə, Proseslərin avtomatlaşdırılması mühəndisliyi bölməsi üzrə 9 tələbə, Kimya mühəndisliyi bölməsi üzrə 18 tələbə, Fizika-riyaziyyat bölməsi üzrə 12 tələbə müxtəlif dərəcəli diplom və həvəsləndirici mükafatlara layiq görülüb. Bundan başqa, ən yaxşı məruzələr təqdim edən 12 tələbəyə Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən 1 aylıq təqaüd ayrılıb.
Qeyd edək ki, ümummilikdə konfransın gedişatında 121 məruzə dinlənilib.