Xəbərlər
Bir görüşün təəssüratı
Həyatda insanlar çox zaman əldə etdiklərini, qazandıqlarını biliyinə, savadına, elminə və bu yoldakı uğurlarına borclu olur. Həyatımız boyu oxuduqlarımızın, öyrəndiklərimizin bizim qismətimizə düşən ömür payımızda hər zaman yanımızda bizimlə olacağını, həyanımıza çatacağını düşünürük. Amma bir də görürsən ki, bunlar yetərli olmur. Belə anlarda zəngin həyat təcrübəsinə, uğurlu karyeraya, yüksək daxili təmizliyə malik insanlardan əxz edərək öyrəndiyimiz nəsnələrdən daha çox şeylər əldə edirik. Hər görüş bir xatirədir, bir günlük görüş olsa belə, bəzən həmin günün, bir neçə saatın xoş təəssüratları, müsbət enerjisi insana bir ömür boyu yetir. Hətta günlər keçdikcə, həmin günün təsirindən, o görüşün xoş əhvalından, o ovqatdan çıxa bilmirsən. Əgər görüşdə səmimiyyət, dostyana münasibət görürsənsə, əgər qarşındakı insana onun səmimiyyətindən doğan cəsarətinlə istədiyin sualı verə bilirsənsə, bu ikiqat xoş hisslər bəxş edir adama...
Düşünürəm ki, bu hissləri təkcə mən keçirmədim, hamımızda bu hisslər oldu, biz hamımız bu anları yaşadıq SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə səmimi və qeyri-rəsmi keçirilən görüşümüzdə...
Görüş həqiqətən çox maraqlı görüş idi. Bu görüşün iştirakçısı olsam da, bir anlıq kənardan görüşə baxanda çox səmimi bir mənzərə alınırdı mənim üçün. Elə bil bir ata bütün övladlarını başına toplayıb onlarla qeyri-rəsmi və səmimi söhbətlər edir və bizim bütün fikir və suallarımıza hörmətlə qulaq asıb cavablandırırdı. Düzü, Rövnəq müəllimin tutduğu mühüm vəsifədən irəli gələn ciddiliyi ilə müqayisə etdikdə, bu qədər səmimi olacağını təsəvvür etmirdim, lakin bu görüşdən sonra belə sadə və səmimi insan olduğuna bir daha əmin oldum. Bizim bu görüşdən qazandığımız çox şeylər oldu, cavabsız sualların tam və məntiqli cavablarını aldıq. Ən əsası isə, mənim üçün daha vacibi isə, bir rəhbərin səmimiyyəti oldu. Görüş o qədər maraqlı keçirdi ki, heç birimiz bu söhbətin, müzakirələrin bitməsini istəmirdik. Rövnəq müəllim özü də daha həvəslə suallrı cavablandırırdı. Bizim gəncliyimizə və enerjimizə baxıb daha da ruhlandığını deyərkən onun səmimiyyəti aydın sezilirdi. Bu görüş tələbəlik həyatı boyunca yaddaşlarımıza həkk olunan ən möhtəşəm görüşlərdən oldu.
Mənim üçün bu görüş həm də ona görə yaddaqalan oldu ki, SOCAR-ın prezidentindən ilk hədiyyəmi aldım. Görüşün ilk başlanğıcında o, tələbələrdən birinin ən səmimi və məntiqli sualına görə hədiyyə verəcəyini söyləmişdi. Mənim üçün görüşün ən maraqlı məqamı Rövnəq müəllimin məhz mənim sualımı seçməyini deməsi və mənə mükafatı verdiyi hissə oldu. Bu şəxs mən olduğum üçün çox sevincli idim. Hədiyyəmin üzərində yazılan SOCAR sözü indi mənim dərslərimi hazırladığım stolumun üstündə hər gün həmin günün xoş xatirəsini və təəssüratlarını mənə yenidən yaşadır...