Xəbərlər

Bakı Ali Neft Məktəbində “Ağıllı sistemlər və kibertəhlükəsizlik” mövzusunda Tələbə və Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ağıllı sistemlər və kibertəhlükəsizlik” mövzusunda Tələbə və Gənc Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı keçirilib.

Konfransın açılışında BANM-in rektoru Elmar Qasımov bildirib ki, bu gün hər bir sahədə ağıllı sistemlərin tətbiqi, kibertəhlükəsizliyin təmin olunması vacib məqama çevrilib və konfrans bu istiqamətdə uğurlu ideyalara, perspektivli layihələrə zəmin yaradır.

Bakı Ali Neft Məktəbinin son bir ay ərzində artıq 3-cü beynəlxalq konfransa ev sahibliyi etdiyini vurğulayan rektor qeyd edib ki, BANM-də tələbə və gənc tədqiqatçılar üçün əlverişli elmi mühit formalaşıb.

Bakı Ali Neft Məktəbinin İnformasiya texnologiyaları kafedrasının müdiri Nailə Allahverdiyeva bildirib ki, konfransa daxil olan 279 müraciətdən akademik tələblərə cavab verən 182 tezis qəbul edilib. ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Avstriya, Türkiyə, Malta, Özbəkistan universitetlərindən isə 28 müraciət qəbul edilib. Tələbə və gənc elmi tədqiqatçıların konfransa təqdim edilən bütün tezisləri DOI identifikasiya nömrəsi ilə dərc olunacaq.

Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi və ixtisaslı kadrlara tələbatın artdığı bir dövrdə ali məktəblərin üzərinə böyük vəzifə düşdüyünü deyib və bu baxımdan BANM-də keçirilən elmi konfransı yüksək qiymətləndirib.

“Huawei Azerbaijan” şirkətinin baş direktoru Yang Tianxiao, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmayılov, "Kapital Bank"ın Kibermüdafiə şöbəsinin rəhbəri, eyni zamanda Bakı Ali Neft Məktəbinin məzunu Sənan Səfərəliyev də çıxış edərək gənc tədqiqatçılara uğurlar arzulayıblar.

Daha sonra BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Fatimə Əliyeva elmi işinin təqdimatını edib.

Konfrans “Ağıllı sistemlər və tətbiqlər”, “Kibertəhlükəsizlik və təhlükəsiz hesablama sistemləri” üzrə bölmələrlə işini davam etdirib.