Xəbərlər

Buxara Dövlət Universitetinin prorektoru Bakı Ali Neft Məktəbində olub

Özbəkistanın Buxara Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru Astildin Nizamov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

Qonağı Ali Məktəbdə qəbul edən BANM-in rektoru Elmar Qasımov görüşdən məmnunluğunu ifadə edərək, iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Rektor Elmar Qasımov qeyd edib ki, BANM ilə Buxara Dövlət Texniki Universiteti arasında imzalanmış ikili diplom proqramı çərçivəsində əməkdaşlıq hazırda müsbət nəticələr verməkdədir və bu proqram çərçivəsində Buxara Dövlət Texniki Universitetindən 7 tələbə hazırda Bakı Ali Neft Məktəbində Kimya mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsinin ikinci kursunda təhsil alır.

Görüş zamanı Astildin Nizamov BANM-də yaradılmış müasir maddi-texniki baza, yüksək akademik mühit və tələbələr üçün təmin edilən əlverişli tədris şəraitini yüksək qiymətləndirib. Prorektor təhsil prosesinin yüksək səviyyədə təşkil olunduğunu, eləcə də tələbələrin bilik və bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirildiyini məmnunluqla qeyd edib.

Sonda tərəflər ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə proqramların və akademik mübadilə imkanlarının artırılması perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.