Xəbərlər

Elmar Qasımov Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda iştirak edib

Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilib.

23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadiminin iştirak etdiyi Forum çərçivəsində “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” adlı panel baş tutub. Sual-cavab formatında keçirilən paneldə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov da çıxış edib.

BANM-ın rektoru Elmar Qasımov çıxışında alimlərin beynəlmiləl əməkdaşlığın gücləndirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb. Bu yanaşmanın dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə mühüm töhfə verəcəyini qeyd edib. Alimlərimizin beynəlxalq səviyyədə aktiv iştirakının Azərbaycanın elmi potensialını artırmağa və ölkəmizin elm sahəsindəki mövqeyini möhkəmləndirməyə imkan yaradacağını bildirib. Bu səpkili tədbirlərin beynəlxalq əməkdaşlığın inkişafına töhfə verdiyini əlavə edib. Habelə BANM-ın bu mənada önəmli bir mövqe sərgilədiyini, dünyasəviyyəli mühəndislər yetişdirərək yalnız Azərbaycana deyil, dünyanın dörd bir yanına təqdim etdiyini vurğulayıb. 

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq və dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.