Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbəsinin layihəsi təqdim olundu
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Pakizə Paşayevanın “I can or I must” (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihəsinin açılış mərasiminə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihə iştirakçıları və BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat verərək layihənin məqsədini açıqladı. O, gənclərin hərtərəfli inkişafının təmin olunması üçün Azərbaycanda siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasından söz açdı. Təhsil aldığı Bakı Ali Neft Məktəbində gənclərin təşəbbüslərinin dəstəkləndiyi vurğulayaraq layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarını salamlayaraq təqdim olunan layihə haqqında və onun təşkili barədə danışdı. Ramiz Göyüşov Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı tərəfindən Pakizə Paşayevanın layihəsinə verilən dəstəkdən söz açaraq, onun Binəqədi rayonu 244 saylı orta məktəbi bitirdiyini dedi. P.Paşayevanın Binəqədi rayonunun yetirməsi olduğunu deyən R.Göyüşöv BANM-də onun uğurlarını davam etdirəcəyinə əminliyini ifadə etdi. O, vurğuladı ki, YAP gənclərin bu cür layihələrinin həyata keçirilməsində daim dəstək olur və bu tipli layihələr ugurla həyata keçirilir. O, bu layihənin BANM-lə birgə uğur olduğunu dedi və bu əməkdaşlığın davam etdirilməsinə əminliyini ifadə etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva hər kəsi salamlayaraq, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər zaman gənclərin inkişafına xüsusi diqqət verdiyini bildirdi. O, həmin dövrdə Ümummilli lider Heydər Əliyevin azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda təhsil alması üçün imkan yaratmasından və dəstəyindən danışdı. Aygün Əliyeva hazırda ölkəmizdə gənclər üçün yaradılan şəraitdən söz açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə böyük dəstək göstərdiyini vurğuladı. O, bildirdi ki, bu gün Azərbaycan dövləti bu istiqamətdə işləri davam etdirir, gənclər siyasəti uğurla həyata keçirilir. Bİnəqədi rayonunda gənclər siyasətinin uğurla həyata keçirilməsinə dəstək verilərək onlara geniş imkanlar yaradılır.
Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu deyən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Bakı Ali Neft Məktəbinin öndə gedən ali təhsil müəssisəsi olduğunu bildirərək Pakizə Paşayevanın məhz bu ali təhsil müəssisəsində təhsil almasını yüksək dəyərləndirdi. O, dedi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə gənclərin fəaliyyətinə dəstək verdiyini dedi. O, Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini qeyd edərək dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin avanqard qüvvəsinə çevrildiyini vurğuladı. Vüqar Rəhimzadə bu layihənin gəncliyin təhsilə, elmə olan marağının artırılmasına xidmət etdiyini dedi. O, çıxışında Binəqədi Rayon İcra Hakimiyyətinə, YAP Binəqədi Rayon Təşkilatına, Bakı Ali Neft Məktəbinə belə gənclərin dəstəklənməsinə, onlara yaradılan şəraitə və diqqətə görə təşəkkür etdi.
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova BANM-də tələbə-gənclər üçün geniş imkanlar yaradıldığını, dövlətimiz tərəfindən həyata keçirilən siyasətin davam etdirildiyini, gənclərin təşəbbüslərinə hər zaman qayğı və diqqət verildiyini və BANM-in rəhbərliyi tərəfindən dəstəkləndiyini dedi. O, bildirdi ki, BANM-in tələbəsi olmaq, öndə gedən ali təhsil müəssisəsində təhsil almaq özü bir stimuldur. BANM-in tələbələri həm yüksək bilik, həm də bacarıq və qabiliyyətləri ilə irəlidədirlər. O, Pakizə Paşayevanın da məhz bu tələbələrdən biri olduğunu vurğulayaraq, Ali Məktəbin öndə gedən təhsil ocağı kimi bu adı doğrultduğunu dedi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Rəmziyyə Qarazadə, layihə iştirakçıları adından çıxış edən Xəyalə Həsənova layihə haqqında öz fikirlərini bölüşərək, layihə müəllifi Pakizə Paşayevanı təbrik etdilər. Çıxışçılar ölkəmizdə gənclər siyasəti, Ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi dəyər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, gənclərin siyasətdə rolu, o cümlədən, müasir dövrdə ingilis dilinin əhəmiyyəti haqqında söz açdılar və layihədən gözləntilərini bildirdilər.
Qeyd edək ki, ““I can or I must” (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihənin reallaşdırılmasında əsas məqsəd geniş təhsil imkanlarının yarana bilməsi, həmçinin, karyerada sürətli inkişaf baxımından kifayət qədər böyük önəm kəsb edən ingilis dilini ümumi gedişatda seçilmiş layihə iştirakçılarına daha effektli üsullarla və intensiv şəkildə öyrətməkdir.
Layihə ilkin mərhələdə 3 ay davam etdiriləcək.