Xəbərlər

Bakı Ali Neft Məktəbi ilə Yüksək Texnologiyalar Parkı və Koreyanın İnstitutu arasında əməkdaşlıq müzakirə olunub

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanda səfərdə olan Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) nümayəndə heyəti ilə görüş keçirilib. 

Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbi haqqında ətraflı məlumat verib. Bildirib ki, tam ingilisdilli ali təhsil müəssisəsi olaraq SOCAR-ın strukturunda yaradılan BANM sənaye ilə sıx bağlıdır və burada əmək bazarının tələbatına uyğun ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilir. O vurğulayıb ki, sənaye-universitet əməkdaşlığının nəticəsində tələbələr Ali Məktəbdə öyrəndikləri yüksəksəviyyəli nəzəriyyəni təcrübədə dərinləşdirirlər. Bakı Ali Neft Məktəbinin bir çox yerli və xarici tərəfdaşları ilə uğurlu əməkdaşlıq etdiyini qeyd edən rektor Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu və  Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığın qarşılıqlı faydalı olacağına əminliyini bildirib.

Sonra BANM haqqında videoçarxlar nümayiş olunub.

Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri İlkin Axundov Mərkəzin fəalliyyəti, həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi şirkətlər barədə məlumat verib.

Yüksək Texnologiyalar Parkının Baş direktoru Vasif Abbasov 2017-ci ildən Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu ilə əməkdaşlıq etdiklərini bildirib. O, gələcəkdə təmsil etdiyi qurum, Bakı Ali Neft Məktəbi və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu ilə birgə əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb. 

Bakı Ali Neft Məktəbinin kampusu ilə tanış olduqlarını və buradakı müasir tədris şəraitini yüksək qiymətləndirdiklərini vurğulayan STEPI-nin Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramının layihə rəhbəri Kim Eun Joo qeyd edib ki, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığın səmərəli olacağına əmindirlər.