Xəbərlər
Boğaziçi Universitetinin rektoru : “Bakı Ali Neft Məktəbi gələcəyi çox parlaq olan ali təhsil ocağıdır”
Müsahibimiz Türkiyənin Boğaziçi Universitetinin rektoru, professor Mehmet Naci İncidir. SOCAR, Boğaziçi Universiteti və SOCAR-ın Bakı Ali Neft Məktəbinin birgə təşkil etdiyi “Liderlik Akademiyası” təlim proqramının açılışı ilə bağlı Bakıda səfərdə olarkən Mehmet Naci İnci təəssüratlarını bölüşüb.
- Hörmətli rektor, Boğaziçi Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında münasibətlərin gələcək perspektivi barədə nə deyə bilərsiniz?
- İki universitet arasında SOCAR çərçivəsində “Liderlik Akademiyası” təlim proqramına start vermişik. Bu proqrama dəstək verdiyinə görə BANM-in rektoru Elmar Qasımova təşəkkür edirəm. Layihə ilə bağlı anlaşmanın imzalanmasında onun əməyi olub. Anlaşma çərçivəsində ortaq MBA proqramları nəzərdə tutulur. Gələcəkdə isə ikili diplomla bağlı fəaliyyətimiz olacaq. Planlarımızda birgə layihələrimiz də var. Həmçinin gələcəkdə tədqiqat sahəsində birgə əməkdaşlıq nəzərdə tutulur.
- Rəhbərlik etdiyiniz universitet gələn il 160 illiyini qeyd edəcək. Belə zəngin tarixə malik ali təhsil müəssisəsi Bakı Ali Neft Məktəbi ilə hansı təcrübələrini bölüşə bilər?
- Boğaziçi Universiteti mühəndislik fakültələrində tədrislə bağlı zəngin təcrübəyə malikdir. Bu istiqamətdə Bakı Ali Neft Məktəbi ilə təcrübələrimizi bölüşə, ortaq layihələr həyata keçirə bilərik. Universitetimizdə artıq Süni intellekt institutu fəaliyyət göstərir. Bu və digər tədqiqat mərkəzlərimizlə BANM- lə əməkdaşlığa hazırıq.
- Hörmətli rektor, Bakı Ali Neft Məktəbi haqqında təəssüratlarınızı bilmək istərdik.
- Bakı Ali Neft Məktəbi gənc olmasına baxmayaraq yarandığı ilk ildən ən yüksək ballı tələbələri qəbul edib. Uğurları, xüsusi ilə də “Teknofest”dəki qalibiyyətləri ilə lider olan bir Ali Məktəbdir. BANM gələcəyi çox parlaq olan ali təhsil ocağıdır. Bu yüksək göstəricilərini qoruyacağına inanıram. BANM-i ziyarət edəndə laboratoriyalarda çalışan tələbələrin həyəcanı, Ali Məktəbə olan bağlılıqlarının şahidi oldum. BANM Azərbaycanda lider ali məktəbdir. Buranın beynəlxalq səviyyədə də güclü bir universitet olacağına inanıram.
- Bir pedaqoq, dünyanın qabaqcıl ali təhsil müəssisələrindən birinin rəhbəri kimi sizcə, ali təhsilin yeni trendləri nələrdir ?
- Uzun bir pandemiya dönəmini geridə qoyduq. Rektor olduqdan sonra ilk xarici səfərimi Bakıya etdim. Bunun da simvolik mənası var, təbii ki, qardaş Azərbaycana olan sevgidən qaynaqlanır. Bakıya gələndə gördüm ki, artıq həyat normala qayıdıb, dərslər ənənəvi keçirilir. Sonra ABŞ və Avropaya səfərlərim oldu. Pandemiya dövründən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, orada universitetlərdə auditoriyalar boş idi, dərslər onlayn keçirilirdi. Onlayn sistemin çox da uğurlu olduğunu düşünmürəm. Hibrid sistemin faydası var. Amma bu ənənəvi təhsilin yerini verə bilməz. Düşünürəm ki, gələcəkdə ali təhsildə yeni trendlərdən biri də fərdi qaydada layihə əsaslı tədqiqat yönümlü ali təhsilin olacağıdır.