Xəbərlər

Macarıstanın Azərbaycandakı səfiri SOCAR-ın Bakı Ali Neft Məktəbində

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

Ali Məktəbin rektoru Elmar Qasımov öncə Bakı Ali Neft Məktəbinin kampusunu gəzən səfirə burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib.

Sonra keçirilən görüşdə Elmar Qasımov iki ölkənin münasibətlərindən bəhs edərək Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb. Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar. Bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 31-i Bakı Ali Neft Məktəbinin tələbəsidir.

Rektor Elmar Qasımov eyni zamanda səfirə Macarıstandakı universitetlərlə əməkdaşlığın yaradılmasında dəstək verməyi təklif edib. Vurğulayıb ki, BANM məzunlarının təhsillərinin növbəti pilləsini ən çox davam etdirdiyi ölkələrdən biri Macarıstandır. 

Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu vurğulayan Tamas Yojef Torman ölkəsindəki ali təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında əlaqələrin qurulmasında maraqlı olduğunu söyləyib. Səfir bu istiqamətdə hər cür dəstək verəcəklərini bildirib. Macarıstanlı diplomat Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirib.