Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbində Erasmus+ informasiya seminarı keçirilib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Elm və Təhsil Nazirliyinin və Azərbaycan universitetlərinin nümayəndələrinin iştirakı ilə Erasmus+ layihələrinin yazılması və idarəolunması üzrə praktik seminar keçirilib.

Tədbirin açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov Erasmus+ proqramının üstünlüklərindən və bu proqram çərçivəsində əməkdaşlığın vacibliyindən bəhs edib. O qeyd edib ki, Bakı Ali Neft Məktəbi Erasmus+ proqramına xüsusi əhəmiyyət verir, Ali Məktəbdə Erasmus+ ofisi fəaliyyət göstərir və bu beynəlxalq proqram çərçivəsində əməkdaşlığın artırılmasında maraqlıdır. Rektor birgə əməkdaşlığın genişləndirilməsini təklif edib və bu əməkdaşlığın təcrübə qazanmaq, qarşılıqlı fayda əldə etmək baxımından əhəmiyyətli olduğunu bildirib. Elmar Qasımov Erasmus+ layihələrinin yazılması və idarəolunması üzrə praktik məlumatların öyrənilməsi məqsədilə keçirilən bu tədbirin ali məktəblər üçün faydalı olacağına əminliyini ifadə edib.

Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov çıxış edərək Azərbaycan ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın artırılması, layihələrin yazılması baxımından bu cür görüşlərin mütəmadi keçirilməsinin faydalı olduğunu bildirib. O, Nazirliyin beynəlxalq layihələrdə iştirak üçün şərait yaratmaqda maraqlı olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov evsahibliyi üçün Bakı Ali Neft Məktəbinə minnətdarlığını bildirərək Erasmus+ proqramı, yaratdığı imkanlar barədə məlumat verib. O əlavə edib ki, Erasmus+ proqramı ali təhsil müəssisələrinə - tələbələrə və əməkdaşlara biliklərini artırmaq, yeni mədəniyyətləri kəşf etmək, yaşamaq və xaricdə təhsil almaq üçün imkanlar yaradır və bu imkanlardan faydalanmaq vacibdir.

Bakı Ali Neft Məktəbinin Erasmus+ və Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Humay Azayeva çıxışında Ali Məktəbdə 3 il öncə yaradılan Erasmus+ ofisinin fəaliyyəti, icra etdiyi layihələr, əldə etdiyi uğurlar barədə məlumat verib. O qeyd edib ki, bu müddətdə 16 Avropa universiteti ilə 90-dan çox mübadilə həyata keçirilib, Bakı Ali Neft Məktəbi İTACA layihəsinə evsahibliyi edir və layihə çərçivəsində burada İTACA laboratoriyası qurulub.

Bakı Biznes Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru Gülşən Bayramova KA2 layihələrinin yazılması və idarə olunması (ECAR və EQAC layihələri) barədə məlumat veriblər.

Tədbir praktik sessiyalarla davam etdirilib.

#BANM #BHOS #SOCAR #ErasmusPlus #seminar