Xəbərlər
Bakı Ali Neft Məktəbinin Elmi Şurasının növbəti iclası keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan BANM-in rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərini salamlayaraq, müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.
İclasda Elmi katib Xəlil İsmayılov Ali Məktəbin Elmi Şurası haqqında Əsasnaməyə dəyişikliklər edilməsi, Elmi Şuranın tərkibinin yenilənməsi, doktorantların dissertasiya işlərinin mövzularının təsdiq edilməsi haqqında məruzələrlə çıxış edib. İclasda həmçinin Kadr təyinatı və yerdəyişmələr, Mühəndislik fakültəsinin dekanlığının, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Biznesin idarə edilməsi kafedralarının əsasnamələrində dəyişikliklər, akademik Xoşbəxt Yusifzadə adına təqaüdün verilməsi, “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə bakalavriat təhsili üçün tədris planlarında və “Texniki sistemlərdə informatika və idarəetmə” ixtisaslaşması üzrə magistratura təhsili üçün tədris planında dəyişikliklər, BANM-ın “Erasmus+ proqramı çərçivəsində təhsil almış tələbələr üçün tədris prosesinin uyğunlaşdırılması haqqında” əmrinə dəyişikliklər, cari məsələlər haqqında məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.
İclasda həmçinin Elmi Şuraya seçilən yeni üzvlər təqdim edilib, kadr təyinatı, eləcə də digər məsələlərlə bağlı müxtəlif təqdimatlar və müzakirələr olub.
Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərar qəbul olunub. Sonda BANM-in rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərinə tapşırıq və tövsiyələrini verib.