Xəbərlər

Bakı Ali Neft Məktəbində “Əhməd Cavad-130 il” adlı tədbir keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BANM-in Karyera və tələbələrlə iş şöbəsinin rəisi Emil Aslanlı bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq Bakı Ali Neft Məktəbində də bir sıra tədbirlər keçirilib. O vurğulayıb ki, bu tədbirlər gənclərin maarifləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Ali Məktəbin prorektoru Oqtay Rzayev çıxışında istiqlal şairi, maarifçi Əhməd Cavadın Azərbaycan tarixinə həkk olunan fəaliyyətindən, istiqlal uğrunda mübarizəsindən bəhs edib. Prorektor qeyd edib ki, dövlət atributlarımızdan olan Himnimizin sözlərinin müəllifinin xatirəsini daim yaşatmaq hər bir vətəndaşın mənəvi borcudur.

BANM-in tarix müəllimi, dosent Ələmdar Şahverdiyev çıxış edərək Əhməd Cavadın həyat və yaradıcılığı, Balkan müharibəsində iştirakı, İstanbuldakı “Qafqaz könüllü dəstəsi”ə qoşulması, xeyriyyə işləri, Cümhuriyyət uğrunda mübarizədə fəaliyyətindən bəhs edib. Bildirib ki, o, bütün həyatını Azərbaycanın istiqlalına, azadlığına həsr etmiş istiqlal şairi, Azərbaycanın haqq səsi idi. Hər cümləsində mübarizəyə çağırış olan, Azərbaycanı müstəqil, xalqını xoşbəxt, azad görmək istəyən Əhməd Cavadın milli ideologiyanın formalaşmasında böyük rolu olub. BANM-in tarix müəllimi əlavə edib ki, Azərbaycan tarixi və ədəbiyyatında dərin iz qoymuş böyük şair, ictimai xadimin fəaliyyətinin öyrənilməsi, xatirəsinin yaşadılması vacibdir.

#BANM #BHOS #ƏhmədCavad #ƏhmədCavad130 #şair #Himn