Xəbərlər

Bakı Ali Neft Məktəbi ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksi əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbi (BANM) ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu münasibətlə keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Kompleksin icraçı direktoru Aqşin Bağırov, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, rayonun hüquq mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, Regional Mədəniyyət İdarəsinin, Rayon Gənclər və İdman idarəsinin rəhbərləri, bir qrup ümumtəhsil məktəbinin direktorları və Kompleksin kollektivi iştirak edib.

BANM-in rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, bu Memorandumun məqsədi Ali Məktəb və Təhsil Kompleksi arasında təhsil, təlim-tədris sahələrində qabaqcıl təcrübə mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi və möhkəmləndirilməsidir. Eyni zamanda elm və təhsil sahəsində yerli və beynəlxalq səviyyəli seminar, vebinar, tələbə və şagirdlər arasında konfransların, simpoziumların və debatların təşkil olunması, müxtəlif aktual mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib hazırlanması və həyata keçirilməsi planlaşdırılır. Memorandumda Kompleksin təbiət fənlərini tədris edən müəllimlərinin BANM-də ixtisaslaşma ilə bağlı həyata keçirilən təlim və layihələrə cəlb edilməsi, şagirdlərin BANM-ə səfərinin təşkil edilməsi, Ali Məktəbin tələbələrinin Kompleksdə pedaqoji təcrübəyə cəlb olunması, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak, müəllimlərin peşəkar inkişafına dəstəyin verilməsi də nəzərdə tutulur.

Tədbirdə çıxış edən icra başçısı Faiq Qürbətov və Kompleksin icraçı direktoru Aqşin Bağırov Memorandumun əhəmiyyəti barədə fikirlərini bildiriblər. Onlar qarşılıqlı əlaqələr nəticəsində əldə olunacaq uğurların faydalı olacağını vurğulayıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

#BANM #BHOS #BiləsuvarRayonİcraHakimiyyəti #BiləsuvarTəhsilKompleksi #Mübarizİbrahimov