Xəbərlər
"İNPEX" şirkətinin "Waseda" universitetinin iştirakı ilə SOCAR-ın Bakı Ali Neft Məktəbində keçirilən təlimləri başa çatıb
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) SOCAR və Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan "İNPEX" tərəfindən növbəti “Kompozit-termal lay simulyasiyası” adlı təlimləri başa çatıb. Təlimlər SOCAR və "İNPEX" şirkəti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində reallaşıb.
Təlimin bağlanış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-in belə bir tədbirə evsahibliyi etməsindən məmnunluğunu bildirib. Rektor vurğulayıb ki, BANM-in gənc müəllimlərinin təlimlərdə iştirakı onların fəaliyyətlərinə öz müsbət təsirini göstərəcək.
SOCAR-ın Baş geoloqu Arzu Cavadova 2016-cı ildən “İNPEX” şirkəti ilə əməkdaşlıq edildiyini xatırladıb. O bildirib ki, sıx əməkdaşlıq nəticəsində indiyədək 60 tələbə və 32 əməkdaş təşkil edilən təlimlərdən faydalanıb. Yüksək səviyyəli evsahibliyinə görə BANM rəhbərliyinə təşəkkür edən Arzu Cavadova təlimlərin davamlılığının vacibliyini vurğulayıb.
"Waseda" universitetinin professoru Masanori Kurihara təlimçi olduğu seminarlarda mövzuların xüsusi seçildiyini və iştirakçılarla interaktiv formada təşkil olunduğunu qeyd edib. O seminarlarda müzakirə edilən mövzuların müasir dövr üçün aktuallığı ilə seçildiyini vurğulayıb.
Təlimlərə SOCAR-ın Baş ofisi, "Azneft" İstehsalat Birliyi və “Neftqazelmitədqiqatlayihə” İnstitutundan ümumilikdə 14 nəfər qatılıb. BANM- dən isə Neft-qaz mühəndisliyi kafedrasının 4 əməkdaşı bu təlimlərin iştirakçısı olub. 10 gün davam edən təlimlərdə "Waseda" universitetin 6 tələbəsi də iştirak edib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.