Xəbərlər
Bakı Ali Neft Məktəbində “Şuşa ili” ilə bağlı elmi simpozium keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Şuşa ili”nə həsr edilmiş “Şuşa zaman kəsişməsində” adlı elmi simpozium keçirilib.
Tədbirin açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq 2022-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tariximizə mədəniyyət paytaxtı “Şuşa ili” kimi həkk edildiyini qeyd edib. O, “Şuşa ili” ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək bildirib ki, xüsusilə ali təhsil müəssisələrində tariximiz, əzəli torpaqlarımız, mədəniyyətimizlə bağlı tədbirlərin keçirilməsi vacibdir. Rektor əlavə edib ki, tələbələrə, gənclərə Azərbaycan tarixi ilə bağlı geniş məlumat verilməlidir və bu tədbir də onların maarifləndirilməsi baxımından əhəmiyyətlidir. Rektor tələbələrə müraciət edərək tariximizi dərindən öyrənməyi və ona sahib çıxmağı tövsiyə edib.
Tədbirdə çıxış edən Bursa Uludağ Universitetinin professoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin (TUDİFAK) dekanı Mehmet Yüce Azərbaycan-Türkiyə münasibətlərindən, iki xalqın qardaşlığından, birliyindən, Şuşa bəyannaməsinin əhəmiyyətindən danışıb.
Bakı Slavyan Universitetinin diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd Şuşa şəhərinin tarixindən, əhalisindən, onun tərkibindən bəhs edib, tarixi mənbələrdən sitatlar gətirib, araşdırmalarını təqdim edib. İspaniya Dublin Unversitetinin doktorantı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin elmi işçisi, BZT Akademiyasının Orta Asiya və Qafqaz üzrə menceri Fərəhila Babayeva-Şükürova isə “Şuşa şəhəri Heydər Əliyevin fikirlərində” mövzusunda çıxış edib.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru, dosent, BANM-in tarixi araşdırmalar üzrə mütəxəssisi Pərvin Ahənçi “Dağlıq Qarabağ münaqişəsi və müharibəsi şuşalı məcburi köçkünlərin kollektiv yaddaşında: “şahidlər” və “yaddaşa köçürənlər” mövzusunda çıxış edib. O, bu mövzuda apardığı araşdırmalardan bəhs edib, xatirələrini bölüşüb.
Simpoziumun sonunda Bakı Ali Neft Məktəbində “Şuşa ili”nə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.