Xəbərlər
Bakı Ali Neft Məktəbinin əməkdaşları Ümumdünya Neft Şurasının VII Gənclər Forumuna qatılıblar
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının müəllimləri Vüsal Kərimov və Rəşad Nəzərəliyev Qazaxıstanın Almatı şəhərində keçirilən Ümumdünya Neft Şurasının VII Gənclər Forumunda iştirak ediblər. Qazaxıstan-Britaniya Texniki Universitetində təşkil edilən forumda sənaye ekspertləri və gənc mütəxəssislər qlobal neft və qaz sənayesinin perspektivləri və gələcəyi mövzularını müzakirə ediblər. Konsfransda enerji keçidi, ən son tədqiqat metodları və karbon izinin azalması üçün həyata keçirilmiş planlardan danışılıb.
Qlobal müzakirə platformasında dünyanın 29 ölkəsindən 700-dən çox nümayəndə iştirak edib. 112 məruzəçinin çıxış etdiyi Forumda 20-dən çox tədbir baş tutub.
Konfransda BANM-in əməkdaşları elmi nəticələrini iştirakçılarla bölüşüb, dəyirmi masa müzakirələrində fəal iştirak ediblər. Dəyirmi masanın gündəliyi “Qlobal enerji təhlükəsizliyi:yeni reallığa gedən yol”, “Enerji keçidi üçün beynəlxalq səylər” və “Net-Zero: müasir texnologiyalar və təmiz enerji üçün həllər” mövzularında olub.
VII Gənclər Forumunun sonunda Forumun qətnaməsi – “Almatı Bəyannaməsi” qəbul edilib. Qətnamə neft-qaz sektorunun gələcəyini müzakirə etmək üçün təşkilata üzv olan bütün ölkələrin birgə səylərinə qoşulmaq məqsədini təsdiqləyir.
Ümumdünya Neft Şurasının VII Gənclər Forumu gənc mütəxəssislər və sənaye tədqiqatçıları üçün neft və qaz sənayesində təcrübə, geniş məlumat və qabaqcıl nailiyyətləri müzakirə etmək üçün geniş platformadır. Forumun auditoriyası 2000-ə yaxın ekspert, gənc mütəxəssis və magistrantlardan ibarətdir.