Xəbərlər
ITACA layihəsinin rəhbər heyəti Bakı Ali Neft Məktəbində toplandı.
Bakı Ali Neft Məktəbində (BANM) ITACA layihəsinin rəhbər heyətinin iclası keçirilib.
İclasın açılışında BANM-in rektoru Elmar Qasımov iştirakçılara uğurlar arzulayaraq bildirib ki, ITACA layihəsi Azərbaycanın Avropa İttifaqı ilə həyata keçirdiyi ən mühüm təhsil layihələrindən biridir. Rektor vurğulayıb ki, BANM ITACA layihəsinin tərəfdaşlarından biri, həmçinin ITACA Təlim və Tədqiqat Mərkəzinin ev sahibidir.
Dörd gün davam edən iclasda layihə çərçivəsində görülən işlər barədə təqdimatlar keçirilib, iş planı müzakirə olunub.
ITACA (Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni təhsil səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi) Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ KA2 Ali Təhsildə Potensialın Qurulması proqramı çərçivəsində idarə olunan layihədir.
Layihənin koordinatoru İtaliyanın Roma Sapienza Universitetidir.
Layihə Danimarkanın Aalborg Universiteti, İspaniyanın Granada Universiteti, Yunanıstanın Patras Universiteti, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH" şirkəti, Azərbaycandan Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, "Azecolab" və “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ilə birgə idarə olunur.