Xəbərlər

BANM-in Erasmus proqramında iştirak edən türkiyəli tələbə: “Buradakı təcrübəm karyeramda böyük rol oynayacaq”

Yusuf Bulut İzmir Katip Çelebi Universitetinin Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kursuna keçir. O, Bakı Ali Neft Məktəbinin (BANM) bir sıra universitetlər ilə Erasmus+ tələbə mübadilə proqramı üzrə əməkdaşlığı çərçivəsində iki aylıq SOCAR-ın "Azneft" İstehsalat Birliyində təcrübə keçmək hüququ qazanıb. Yusuf Bulut 200-ə yaxın tələbə arasından seçilib.

Türkiyəli tələbənin təcrübə müddəti sentyabr ayında yekunlaşacaq.Yusuf Bulut SOCAR-da əldə etdiyi təcrübəni təhsilindəki uğurlu addım hesab edir. O, məzun olduqdan sonra Azərbaycanda işləmək və karyera qurmaq arzusundadır: “Buraya gəlmək mənim üçün çox böyük fürsət, yaxşı şans oldu. Sevinirəm ki, təhsil aldığım universitet məni məhz Azərbaycana – SOCAR-da təcrübə keçməyə yönləndirdi. Təhsilimi başa vurduqdan sonra daha asan və rahat formada iş tapmaq imkanı əldə etməyim və karyera həyatımda burada qazandığım təcrübənin böyük təsiri olacaq. Çünki artıq SOCAR-dakı təcrübəm CV-imdə önəmli yer tutur. İki ildən sonra məzun oluram və daha çox bilik və təcrübə əldə etmiş formada Azərbaycana dönüb burada işləmək məqsədim var”.

O, burada qazandığı nəzəri və praktiki bilikləri müəllimləri və tələbə yoldaşları ilə məmnuniyyətlə bölüşəcəyini bildirir: “Mühəndislik istiqamətində nəzəriyyə və təcrübə bilikləri əldə etdim, proqramlar öyrəndim, bir çox istiqamətlərdə biliklər əldə etmək imkanım oldu. Çox gözəl, maraqlı və faydalı təcrübə keçdim. Geri döndükdən sonra məllimlərim və qrup yoldaşlarımı belə böyük şansı əldə etmələri yönündə həvəsləndirəcək, onlara istiqamət və məsləhətlər verəcəyəm. Burada keçdiyim təcrübə ilə bağlı yazı yazdım və universitetimiz paylaşdı. Yazıda da bəhs etdim ki, məndən sonra gələcək tələbələr bu təcrübə şansından yaxşı faydalansınlar. Burada təcrübə ilə yanaşı dostlar qazanmağımdan da bəhs etdim. Azərbaycanda özümü Vətənimdə hiss etdim. Hər kəs mənimlə çox doğma davrandı”.

#BANM #BHOS #SOCAR #Azneft #ErasmusPlus #təcrübə