Xəbərlər

Yüksək bal toplayan abituriyent: “Bakı Ali Neft Məktəbi atamın və mənim arzumdur”

Muraz Yusifov  Bakı şəhəri Kimya-Biologiya Təmayüllü Liseyin məzunudur. O, I qrup üzrə blok imtahanlarında 400 bal toplayan abituriyentlər sırasındadır. Ümumi göstəricidə 685 bal toplayıb. I qrup üzrə yüksək bal toplayanlar sırasında 4-cüdür. Muraz Yusifovun arzusu Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olmaqdır. Bunun üçün o, həm dərslərini yaxşı oxuyub, həm də qəbul imtahanlarına ciddi formada hazırlaşıb: “BANM-in adı hər yerdə  məşhurdur. Məzunların işlə təmin olunması, çox sayda yerli və xarici şirkətlərlə əməkdaşlıq etməsi, tələbələrə verdiyi perspektivlər, imkanlar yüksək səviyyədədir. Atamın xəyalıdır ki, mən bu Ali Məktəbdə təhsil alım. Atam işlə bağlı tez-tez BANM-in kampusunun yaxınlığından keçirmiş, buranın tələbələri ilə rastlaşırmış. Araşdırıb, maraqlanıb görüb nüfuzlu Ali Məktəbdir və xəyal edib ki, mən də buranın tələbəsi olum. BANM hər zaman mənim ağlımdaydı, atam arzusunu mənə deyəndən sonra fikrimizin üst-üstə düşməyinə çox sevindim. Bu mənim ciddi hazırlaşmağıma stimul verdi. Hər gün plan qurub dərslərim və istirahət vaxtlarımı bölürdüm, qrafiklə hazırlaşırdım. Abituriyentlərə məsləhət görürəm ki, özlərinə inansınlar və əziyyət çəksinlər, əziyyət heç vaxt hədər getmir. Zaman və plan, vaxtı düzgün bölmək önəmlidir. Bunun bəhrəsini gördüm və yüksək bal toplamağım nəticəsində Bakı Ali Neft Məktəbində təhsil almaq şansım yarandı. İnformasiya təhlükəsizliyi ixtisasına marağım çoxdur”.