Xəbərlər
BANM-in ixtisas ikincisi və yeni əməkdaşı: “Karyerama başlamaq üçün burada çox yaxşı mühit var”
Aytac Abdullayeva Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasından 94,77 ortalama ilə ixtisas ikincisi olaraq fərqlənmə diplomu ilə məzun olub. O, 2017-ci ildə 690 balla BANM-ə daxil olub. Aytac BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasında baş laborant olaraq çalışmağa başlayıb. BANM-in uğurlu məzunu və gələcək əməkdaşını daha yaxından tanıyaq.
- Aytac, BANM-in aktiv tələbələrindən biri olmusunuz. Bu illər ərzində sosial fəaliyyətiniz, uğurlarınız barədə məlumat verməyinizi xahiş edirik.
- 2021-ci ildə Azərbaycan Beynəlxalq Bankının İnnovasiyalar Mərkəzinin “Machine Learning” proqramına bp şirkəti tərəfindən təqaüd qazanaraq daxil olmuşam və fərqlənmə ilə bitirmişəm. Keçirilən hər bir layihədə təcrübə qazanmaq məqsədi ilə iştirak etmişəm və etməkdə davam edirəm. Azərbaycan Beynəlxalq Bankının İnnovasiyalar Mərkəzinin tələbə və məzunlarından ibarət “Bank məhsullarının optimallaşdırılması” mövzusunda təşkil edilən yarışın “Public Leaderboard” bölməsində 1-ci yerə layiq görülmüşəm.
Bu Mərkəzin “Geyim məhsul rəylərinin təhlili” mövzusununda təşkil etdiyi yarışda “Machine Learning” və “Deep Learning” üsullarını istifadə edərək qurduğum model ilə də 1-ci yerin mükafatını qazanmışam. "Kreditin Defolt Ehtimalının Qiymətləndirməsi" mövzusunda yarışda “Machine Learning” modeli quraraq 2-ci yerə layiq görülmüşəm.
Bunlardan əlavə olaraq, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların 2-ci Beynəlxalq Elmi Konfransında “Dronlar vasitəsilə səthlərdəki çatların avtomatik aşkarlanması” layihəsi ilə 2-ci yeri qazanmışam. Həmçinin, bu il keçirilmiş Konfransda “Kredit kart saxtakarlıqlarının müxtəlif Maşın və Dərin Öyrətmə üsulları ilə daha dəqiq təyin edilərək aşkarlanması” layihəsi ilə 2-ci yerə layiq görülmüşəm.
- BANM sizə nə qazandırıb?
- Bakı Ali Neft Məktəbi mənə proseslərin avtomatlaşdırılması sahəsində bir mühəndis kimi düşünmək bacarığı qazandırıb. Təhsil aldığım 5 il ərzində mənə yüksək təhsildən əlavə, sosial cəhətdən də özümü inkişaf etdirməyimə kömək olub. Universitetdə keçirilən müxtəlif təlimlərdə iştirak etdiyim zaman marağım olan sahəni dəqiqləşdirmək və konfranslarda iştirak edərək daha geniş düşünmək bacarığı əldə etməyimə şərait yaradıb. Ölkəmizdə keçirilən 2-ci Robot Olimpiyadasında da universitetimizi təmsil etmə şansı əldə etmişəm. Bakı Ali Neft Məktəbində qazandığım təcrübə mənə yüksək reytinqə malik olan universistetlərdən olan Kaliforniya Universiteti, Miçiqan Universiteti, Corciya Texnologiya İnstitutu, Barselona Avtonom Universiteti, Yeni Cənubi Uels Universiteti, Lozanna Federal Politexnik Məktəbi və digər məşhur ali təhsil ocaqlarından ixtisasım üzrə müxtəlif sertifikatlar qazanmaq imkanı verib.
- BANM-də çalışmağı hansı göstəricilərə görə seçmisiniz?
- Bakı Ali Neft Məktəbində akademik mühit kimi iş mühitinin də yaxşı olacağına əminəm. Tələbə olduğum universitetdə müəllim kimi çalışmaq mənim üçün fəxrdir. Sənayedə çalışmaq üçün də iş təklifi almışdım, ancaq Bakı Ali Neft Məktəbinin karyerama başlamaq üçün çox yaxşı bir mühit olduğunu düşünərək burada çalışmaq təklifini qəbul etdim.
#BANM #BHOS #məzun #məzun2022 #proseslərinavtomatlaşdırılmasımühəndisliyi